“İstəsən ağıllı kamera qoy, istəsən ağılsız, bu, problemin həlli yolu deyil” – Ekspert


Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, “ağıllı svetoforların” tətbiqində məqsəd yolayrıclarında yaranan sıxlığı azaltmaq və nəqliyyat axınını daha effektiv tənzimləməkdir.
Bəs bu yenilik paytaxtdakı tıxac problemini azalda biləcəkmi?
Nəqliyyat eksperti İlqar Hüseynli Yeniavaz.com-a açıqlamasında bildirib ki, paytaxtda tıxac problemi elə mərhələyə çatıb ki, onu texniki vasitələrlə aradan qaldırmaq mümkün deyil:
“Bakı artıq tıxacla mübarizədə məğlub olub. İstəsən orada ağıllı kamera qoy, istəsən ağılsız kamera, bu, problemin həlli yolu deyil. Mənim proqnozum budur ki, bu cür tədbirlər effekt verməyəcək və sadəcə dövlət vəsaitinin lazımsız layihələrə xərclənməsi kimi görünəcək. Əgər bir şəhərin nəqliyyat ötürmə imkanları artıq tam dolubsa, avtomobillərin sayı həmin şəhər üçün fantastik dərəcədə çoxdursa, üstəlik bu say durmadan artırsa, o zaman gündəlik hərəkəti “svetofor”lar vasitəsilə tənzimləmək mümkün deyil”.
İlqar Hüseynli qeyd edib ki, kəsişmələrdə çəkilən sarı torlu zolaqlar və quraşdırılan kameralar da pik saatlarda effekt vermir:
“Hazırda kəsişmələrdə sarı torlu zolaqlar çəkilib. Məqsəd ondan ibarətdir ki, sıxlıq yarandığı halda nəqliyyat vasitələri həmin sahələrdə dayanmasın. Lakin nəqliyyatın sayı bu qədər çox olduqda,  xüsusən pik saatlarda avtomobillər məcburən həmin torların üzərində dayanmalı olurlar”.

İlqar Hüseynli

İlqar Hüseynlinin sözlərinə görə, problem nəzarətin zəifliyində yox, ümumi hərəkət intensivliyinin aşağı olmasındadır:
“Hərəkət intensiv deyilsə, orada adi kamera qoymaqla, ağıllı kamera qoymaqla, hətta daha sərt nəzarət mexanizmləri tətbiq etməklə də ciddi və əsaslı dönüş əldə etmək mümkün olmayacaq. Prospektlərin bir hissəsinin ictimai nəqliyyat üçün ayrılması ümumi hərəkət zolaqlarını daha da məhdudlaşdırıb”.
İlqar Hüseynlinin fikrincə, paytaxtda yol hərəkətinin təşkili planlı şəkildə aparılmalı və uzunmüddətli konsepsiya hazırlanmalıdır:
“Mən hesab edirəm ki, dünyanın hər hansı bir şəhərində görülən bir tədbiri olduğu kimi gətirib Bakıda tətbiq etmək mümkün deyil. Dünyanın heç bir şəhərində paytaxt yolları bu qədər qarışıq şəkildə xətlərə bölünməyib, bu qədər müxtəlif rənglər və nişanlamalarla yüklənməyib. Bakıda yollar o qədər müxtəlif rənglər və boyalarla işarələnib ki, artıq sürücülər özləri də harada dayanmalı, harada hərəkət etməli olduqlarını bilmirlər. Burada beyin mərkəzləri, mütəxəssislər günlərlə, aylarla oturub ortaq məxrəcə gəlməli, ciddi və uzunmüddətli konsepsiya hazırlamalıdırlar. Yolların ötürücülük imkanlarının artırılması, parklanma qaydaları, dayanma-durma rejimi bu konsepsiyada açıq şəkildə göstərilməlidir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top