
2025-ci ilin yanvar–noyabr aylarında Gürcüstanın ixracı 6 milyard 618,1 milyon dollar təşkil edib.
Yeniavaz.com “Geostat”a istinadən xəbər verir ki, yerli mənşəli məhsulların ümumi ixracda payı 45,3% təşkil edərək 2 milyard 999,4 milyon dollar olub.
Müqayisə üçün bildirək ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycanın ümumi ixracı 23 milyard 401 milyon dollar olub. Bunun 85,8%-ni (20,1 milyard dollar) neft-qaz, 14,2%-ni (3,3 milyard dollar) isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Azərbaycanda yerli mənşəli qeyri-neft məhsullarının ixracı isə 2 milyard 969,4 milyon dollar olub.
Məlumat üçün qeyd edək ki, 1 noyabr 2025-ci il tarixinə Azərbaycanda əhalinin ümumi sayı 10 milyon 257 min nəfər olub. Bu göstəriciyə əsasən, yerli mənşəli məhsulların adambaşına düşən ixracı 289,5 dollar təşkil edib. Gürcüstanda isə əhalinin ümumi sayı 3 milyon 704,5 min nəfər olduğundan, bu ölkədə yerli mənşəli məhsulların adambaşına düşən ixrac göstəricisi 809,7 dollar olub.
Onu da bildirək ki, bu ilin ilk 11 ayında Gürcüstan Azərbaycana 162,4 milyon dollar dəyərində yerli mənşəli məhsul ixrac edib. Bu, yerli mənşəli məhsulların ümumi ixracının 5,4%-ni təşkil edib və Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb. Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 25,8% artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz