
Birləşmiş Krallıqda yerləşən və dünyanın ən iri enerji şirkətlərindən biri olan BP-nin yeni baş direktoru müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, şirkətə bundan sonra “Woodside Energy”nin keçmiş rəhbəri Meq Onill başçılıq edəcək.
O, bu vəzifədə Murrey Okinklossanı əvəzləyir. Bununla da Meq Onill BP-nin 116 illik tarixində ilk qadın baş direktoru olacaq.
Məlumata görə, Meq Onill növbəti 6 il ərzində BP-yə rəhbərlik edəcək.
Qeyd olunur ki, bu dövr onun üçün asan olmayacaq. Belə ki, şirkət son 6 il ərzində artıq dördüncü dəfədir baş direktorunu dəyişir ki, bu da BP-də idarəetmə baxımından qeyri-sabitliyin mövcud olduğunu göstərir.
Yeni baş direktor bildirib ki, əsas məqsədi BP-nin biznes fəaliyyətini genişləndirmək və son illərdə şirkət üçün əsas problemlərdən birinə çevrilən hasilat həcmlərini artırmaqdır. Onillin sözlərinə görə, şirkət həm ənənəvi enerji sahəsində, həm də uzunmüddətli strategiyada daha effektiv addımlar atmalıdır.
Meq Onill enerji sektorunda geniş təcrübəyə malik rəhbər kimi tanınır. O, ABŞ-nin “ExxonMobil” şirkətində 23 il çalışıb və burada müxtəlif mühüm rəhbər vəzifələrdə fəaliyyət göstərib. Bundan əlavə, Amerika Neft İnstitutunun (American Petroleum Institute) və Avstraliya Enerji İstehsalçıları Assosiasiyasının idarə heyətinin üzvü olub.
Meq Onill ABŞ-də anadan olub. Ali təhsilini Avstraliyada alan Onill Qərbi Avstraliya Universitetində kimya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra ABŞ-də Stenford Universitetində biznesin idarə olunması üzrə magistr dərəcəsinə yiyələnib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz