
Ukrayna Prezident Volodimir Zelenski Ukraynanın Donbasdan çıxması tələbinin qəbuledilməz olduğunu bildirib.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində qeyd edib.
Onun sözlərinə görə, sülh danışıqlarında ərazilər, dondurulmuş aktivlər və digər məsələlərlə bağlı bəzi fikir ayrılıqları qalmaqdadır.
“Mən artıq Donbasla bağlı mövqeyimiz barədə bir neçə dəfə danışmışam. Biz hamımız Rusiyanın mövqeyini bilirik. Onlar bizim Donbasdan çıxmağımızı istəyirlər. Bu, onların açıq mövqeyidir. Bizim açıq mövqeyimiz isə ondan ibarətdir ki, biz müvafiq addımlar atmağa hazır deyilik. ABŞ isə bu məsələdə kompromis tapmağa çalışır”, - deyə Zelenski qeyd edib.
Eyni zamanda, Ukrayna Prezidenti izah edib ki, Ukrayna nə milli qanunvericilik, nə də beynəlxalq hüquq buna icazə verdiyi üçün öz ərazilərinin heç birinin başqasına verilməsi ehtimalını nəzərdən keçirmir.
Öz növbəsində Zelenski qeyd edib ki, Ukrayna Donbasın ərazisini nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımayacaq.
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq əlavə danışıqlar üçün ABŞ-yə yola düşüb və bu dəfə avropalılar da bu danışıqlarda iştirak edə bilərlər.
O əlavə edib ki, istənilən müharibə danışıqlarla başa çatır və bunun mümkün qədər tez baş verməsi Ukrayna üçün vacibdir.
Qeyd edək ki, “Politico” qəzeti bundan əvvəl ABŞ-nin Ukraynanın Donetsk vilayətinin işğal olunmamış ərazisindən potensial sülh müqaviləsinin bir hissəsi olaraq bu və ya digər şəkildə çıxmasını tələb etdiyini, Rusiyanın da ABŞ-nin bu mövqeyini müdafiə etdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz