Bu il ölkəyə 2 milyard dollar dəyərində avtomobil idxal edilib


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyard 998,85 milyon dollar dəyərində 104 min 404 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 25,9% və ya 21 min 478 ədəd artıb.
Qeyd edək ki, ötən ilin ilk 11 ayında ölkəyə 82 min 926 ədəd və ya 1 milyard 673,2 milyon dollar dəyərində avtomobil idxal edilib.
Bu ilin ilk 11 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 145 dollar təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hər bir avtomobilin orta gömrük dəyəri 20 min 177 dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 1 032 dollar azalıb.
Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan hibrid avtomobillərin idxalında müşahidə olunub. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəyə 58 min 471 ədəd hibrid avtomobil gətirilib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi 22 min 654 ədəd olub – yəni təxminən 2 dəfədən çox artım qeydə alınıb.
Tam elektrikli avtomobillərin idxalında isə kəskin azalma müşahidə olunub. Belə ki, bu göstərici ötən ilin ilk 11 ayında 2 min 871 ədəd olduğu halda, bu ilin ilk 11 ayında 1 861 ədədə düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top