
Yeni beynəlxalq araşdırma 50 yaşdan yuxarı insanlarda qarın piylənməsi ilə əzələ itkisini birləşdirən vəziyyətin ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub.
Yeniavaz.com “Medical Xpress”ə istinadən xəbər verir ki, bu iki problemin eyni vaxtda mövcudluğu sağlamlıq üçün xüsusilə təhlükəlidir.
San Karlos Federal Universitetinin (Braziliya) və London Universitet Kollecinin alimləri 12 il ərzində 5400-dən çox yetkinin sağlamlıq göstəricilərini təhlil ediblər. Araşdırmada iştirakçıların qarın piylənməsi və əzələ kütləsi vəziyyəti qiymətləndirilib, daha sonra isə ölüm riski ilə əlaqəsi müqayisə olunub.
Nəticələrə əsasən, həm qarın piylənməsi, həm də aşağı əzələ kütləsi olan şəxslərdə ölüm riski bu problemləri olmayan insanlarla müqayisədə təxminən 83 faiz daha yüksəkdir. Yalnız əzələ kütləsi aşağı olan, lakin ciddi qarın piylənməsi olmayan iştirakçılarda ölüm riski təxminən 40 faiz artıb. Təkcə qarın piylənməsi olan, lakin əzələ kütləsi normal səviyyədə qalan şəxslərdə isə ölüm riskində əhəmiyyətli artım qeydə alınmayıb.
Artıq qarın yağı ilə eyni vaxtda əzələ itkisi sarkopenik piylənmə adlanır. Bu vəziyyət xüsusilə yaşlı insanlarda geniş yayılıb və həyat keyfiyyətinin aşağı düşməsi, çoxsaylı xroniki xəstəliklərlə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, sarkopenik piylənmənin erkən aşkarlanması olduqca vacibdir, çünki bu hal daha ciddi metabolik pozğunluqların göstəricisi ola bilər. Lakin klinik praktikada diaqnozun qoyulması çətindir: maqnit rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası və bioelektrik impedans analizi kimi metodlar dəqiq olsa da, bahalı və hər kəs üçün əlçatan deyil.
Araşdırma müəllifləri daha sadə yanaşmaların da faydalı ola biləcəyini vurğulayırlar. Belə ki, kişilərdə bel dairəsinin 102 sm-dən, qadınlarda isə 88 sm-dən çox olması, eləcə də yaş, cins, çəki və boy əsasında əzələ kütləsi indeksinin hesablanması risk altında olan şəxslərin müəyyən edilməsinə kömək edə bilər.
Ekspertlərin sözlərinə görə, artıq yağ toxuması ilə azalmış əzələ kütləsinin birləşməsi orqanizmdə iltihabı və metabolik pozğunluqları gücləndirir. Bu da zamanla bədənə kümülativ ziyan vuraraq ölüm riskini artırır.
Mütəxəssislər sarkopenik piylənmənin erkən mərhələdə aşkar edilməsi üçün sadə skrininq üsullarından istifadənin vacibliyini qeyd edirlər. Vaxtında pəhriz dəyişiklikləri və fiziki aktivliyin artırılması kimi müdaxilələr yaşlı insanlarda sağlamlıq proqnozunu və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Tətbiqimizi yükləyə bilərsiniz