
Bu ilin ilk 11 ayında Rusiyada 638 lüks avtomobil satılıb ki, bu da ötən ilin yanvar–noyabr ayları ilə müqayisədə 28 faiz çoxdur.
Yeniavaz.com “Avtostat” analitik agentliyinə istinadən xəbər verir ki, lüks seqmentdə ən çox satılan markalar “Rolls-Royce” (205 avtomobil), “Bentley” (184) və “Lamborghini” (143) olub.
Təkcə noyabr ayında Rusiyada 65 lüks avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,5 dəfə çoxdur.
Noyabr ayının nəticələrinə görə, satış reytinqinə 20 avtomobillə “Bentley” başçılıq edib. Onu 18 avtomobillə “Lamborghini”, 14 avtomobillə isə “Rolls-Royc”e izləyib. Həmin ay “Ferrari”, “Aston Martin” və “Maserati” markalarından hər biri üzrə üç yeni avtomobil satılıb.
“Avtostat” nümayəndələrinin sözlərinə görə, yeni lüks avtomobil bazarı 2025-ci ilin aprel ayından etibarən davamlı artım nümayiş etdirir. Ümumilikdə, bu seqmentdə artım 2023-cü ildən müşahidə olunur. Həmin il satışlar 30 faiz artaraq 447 avtomobilə, 2024-cü ildə isə 27 faiz artımla 586 avtomobilə çatıb. Bununla belə, mövcud göstəricilər hələ də 2021-ci ildə qeydə alınan 931 avtomobil səviyyəsindən aşağıdır.
Analitiklər qeyd edirlər ki, lüks avtomobillərin Rusiyaya idxalı əsasən Belarus vasitəsilə həyata keçirilir. “Avtostat”ın məlumatına görə, 2025-ci ilin yanvar–iyul aylarında bu ölkə üzərindən Rusiyaya 89 “Rolls-Royce”, 87 “Lamborghini”, 76 “Bentley” və 76 “Ferrari” avtomobili gətirilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz