Nümayəndələr Palatası ABŞ-nin 901 milyardlıq hərbi büdcəsini təsdiqlədi


ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün hərbi büdcəsini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, növbəti il üçün hərbi büdcə rekord məbləğ - 901 milyard dollar təşkil edib.
Amerika qanunverici orqanının aşağı palatasındakı səsverməni “C-SPAN” kanalı yayıb.
Qanun layihəsinin lehinə 312, əleyhinə isə 112 deputat səs verib. Beləliklə, Konqresin aşağı palatası sənədi təsdiq edib və o, baxılmaq üçün Senata göndəriləcək.
Hərbi büdcə yuxarı palata tərəfindən təsdiq edilərsə, daha sonra onu Prezident Donald Tramp imzalamalı olacaq.
Məlumata görə, bu məbləğə Pentaqonun, eləcə də digər müdafiə və təhlükəsizlik orqanlarının və proqramlarının maliyyələşdirilməsi daxildir.
Qeyd edək ki, əvvəlcə Nümayəndələr Palatası administrasiyanın tələbinə bərabər məbləğ təklif edib, Senat isə hərbi büdcəni 925 milyard dollara çatdırmağı təklif edib. Sonda qanunvericilər kompromis əldə ediblər.
Büdcə layihəsində digər məsələlərlə yanaşı, 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün 400 milyon dollar nəzərdə tutulub.
Xatırladaq ki, sentyabrın 30-da başa çatan 2025-ci maliyyə ili üçün ABŞ-nin hərbi büdcəsi 884 milyard dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top