Gürcüstanda qanunsuz neft satan qazaxıstanlılar azadlığa buraxıldı


Gürcüstanda xam neftin qanunsuz satışında ittiham olunan 3 nəfər Qazaxıstan vətəndaşı girov qarşılığında azadlığa buraxılıb.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, girov qarşılığında azadlığa buraxılan şəxslər “Batumi Neft Terminalı”nda rəhbər vəzifələrdə işləyirlər.
Qeyd olunur ki, 3 dekabr tarixində Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Qazaxıstan vətəndaşı olan üç şəxsi – “Batumi Neft Terminalı” MMC-nin rəhbər şəxslərini “xüsusilə böyük miqdarda neftin gömrük qaydalarını pozaraq dövriyyəyə buraxılması” şübhəsi ilə saxlayıb.
İstintaq materiallarına görə, terminalın rəhbərliyi müəssisənin anbarlarında saxlanılan və dəyəri 15 milyon laridən çox olan 10 000 tondan artıq xam nefti gömrük prosedurlarını keçmədən və dövlət orqanlarından gizlədərək realizə edib. Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci və 6-cı hissələri ilə qiymətləndirilir və bu ittiham 11–15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Şirkət isə bildirir ki, istintaqa baxmayaraq “Batumi Neft Terminalı”nın fəaliyyəti davam edir.
Bildirilir ki, Batumi limanı “Batumi Neft Terminalı”nın mülkiyyətindədir və 2006-cı ildən Qazaxıstan dövlət neft şirkəti “KazTransOil” tərəfindən idarə olunur. Şirkətə liman və terminalın idarə olunması üçün 49 illik lisenziya verilib və müəssisə hazırda Qazaxıstan vətəndaşlarının rəhbərliyi altında fəaliyyət göstərir.
Onu da qeyd edək ki, hazırda Gürcüstanın Qara dəniz sahilində yerləşən digər bir terminalı – Kulevi neft terminalı isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən idarə olunur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top