İsrail jurnalistlərin öldürülməsinə görə “dünya rekordçusu”dur


“Sərhədsiz Reportyorlar” (RSF) qlobal təşkilatı media nümayəndələrinə qarşı 2025-ci ildə həyata keçirilən hücumlar haqqında hesabat dərc edib.
Yeniavaz.com
xəbər verir ki, hesabata görə, bu il dünya üzrə müxtəlif hücumlarda 67 jurnalist həyatını itirib ki, onlardan yarısının ölümündə İsrail məsuliyyət daşıyır.
Belə ki, 2025-ci ildə İsrailin Qəzzaya hücumları nəticəsində 29 fələstinli media nümayəndəsi həlak olub. Bu isə bu il dünya miqyasında öldürülən jurnalistlərin 43 faizini təşkil edir. Bununla da, İsrail bu il dünyada ən çox jurnalist öldürən ölkə kimi qeydə alınıb.
Hesabatda həmçinin qeyd edilib ki, İsrail 2023-cü ilin oktyabr ayından Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 220-dən çox jurnalisti öldürüb.
Təşkilatın hesabatına görə, İsrail son üç ildə “ən çox jurnalist öldürən ölkə" statusunu qoruyub.
Digər tərəfdən, hesabatda İsrail həbsxanalarında 20 fələstinli jurnalistin həbsdə olduğu bildirilib.
Jurnalistlər üçün dünyanın “ikinci ən təhlükəli ölkəsi” isə Meksika elan edilib. Belə ki, hesabata görə, Meksikada cinayətkar təşkilatların jurnalistlərə qarşı hücumları nəticəsində bu il 9 mətbuat işçisi həyatını itirib.
Ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmaların artdığı Sudanda isə bu il 4 jurnalistin öldürüldüyü bildirilib.
Sudanda öldürülən 4 jurnalistdən ikisinin RSF qüvvələri tərəfindən qaçırıldıqdan sonra öldürüldüyü qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top