
Amsterdam Rayon Məhkəməsi ukraynalı iş adamı Rinat Axmetova məxsus “DTEK Krymenergo” şirkətinin müraciəti əsasında “Türk axını” qaz kəmərinin operatoru olan, “Qazprom”a məxsus “South Stream Transport” (SST) şirkətinin Niderlanddakı aktivlərinə həbs qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Vedomosti” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
“DTEK Krymenergo” 2014-cü il Krım ilhaqından əvvəl yarımadanın əsas enerji təchizatçılarından biri olan “Krymenergo”nun 57,49%-lik səhmdarı olub. 2015-ci ildə Krım Dövlət Şurası şirkəti milliləşdirib.
2023-cü ildə Haaqa Daimi Arbitraj Məhkəməsi Rusiyanı DTEK-ə Krım aktivlərinin müsadirəsinə görə 207,8 milyon dollar təzminat ödəməyə məcbur edib. Moskva qərardan apellyasiya şikayəti verib. Bu iş üzrə təminat tədbiri kimi Amsterdam məhkəməsi 2025-ci ildə SST-nin ABN Amro Bankındakı hesablarına həbs qoyulmasına qərar verib.
SST qərarla razılaşmayaraq həbsin ləğvini tələb edib. Şirkət bildirir ki, o, hüquqi cəhətdən “Qazprom”dan ayrı müstəqil qurumdur və dövlətlə eyniləşdirilə bilməz.
DTEK isə əksinə, SST-nin Rusiyanın maraqlarını təmsil etdiyini və aktivlərin gizlədilməsi üçün istifadə olunduğunu iddia edir.
Məhkəmə isə yekun qərarın əsas proses çərçivəsində veriləcəyini bildirərək SST-nin müraciətini rədd edib və şirkəti məhkəmə xərclərini (1999 avro) ödəməyə məcbur edib.
“South Stream Transport” əvvəlcə Qara dənizdən Bolqarıstana uzanmalı olan “Cənub axını” layihəsi üçün yaradılıb. Daha sonra layihə dayandırılıb və 2014-cü ildə Türkiyə ilə “Türk axını” kəmərinin tikintisi barədə razılıq əldə olunub. Kəmər 2020-ci ildə istifadəyə verilib.
Qeyd edək ki, ilk dəfə deyil ki Niderlandda “Qazprom” aktivləri dondurulur. 2025-ci ildən etibarən Ukraynanın müxtəlif şirkətləri – “Slavutich-Invest”, “Jniva” və “Avtodorkomplekt” də Rusiyanın kompensasiya ödəməməsi ilə bağlı məhkəmələrə müraciət edərək Niderlandda “Qazprom” qurumlarının aktivlərinə həbs qoyulmasına nail olublar.
Sonradan Haaqa məhkəməsi bu həbslərdən bəzilərini – o cümlədən “Jniva” ilə bağlı qərarı ləğv etsə də, digər işlər üzrə proses davam edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz