
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumilikdə 903 min ton kartof yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında sahələrdən yığılan kartofun miqdarı 1,2% və ya 11 min ton az olub.
Qeyd edək ki, ən çox kartof yığımı Şəmkir, Tovuz, Gədəbəy, Qazax və Cəlilabad rayonlarında qeydə alınıb. Ölkədə ən çox kartof yığımı 191,4 min tonla Şəmkir rayonunda olub. Növbəti yerlərdə 136,8 min tonla Tovuz, 117,1 min tonla Gədəbəy, 100 min tonla Cəlilabad və 50,5 min tonla Qazax rayonları qərarlaşıb.
Ən az kartof yığımı Sumqayıtda olub – cəmi 5,6 ton. Bundan başqa, Qaradağ rayonunda 6,2 ton, Şirvanda 9,4 ton, Pirallahıda isə cəmi 20 ton məhsul götürülüb.
Məhsuldarlıq göstəricilərinə gəlincə, sahəyə düşən məhsul miqdarına görə ən yüksək nəticə Qazax rayonunda qeydə alınıb. Burada hər hektardan orta hesabla 38 ton kartof götürülüb. Məhsuldarlığın yüksək olduğu digər rayonlar sırasında Cəlilabad (32,3 ton/ha), Tovuz (30,5 ton/ha) və Şərur (30,2 ton/ha) rayonları ön sıralarda yer alıblar.
Ən aşağı məhsuldarlıq isə Sumqayıtda qeydə alınıb. Bu şəhərdə hər hektardan cəmi 2,8 ton kartof yığılıb. Qaradağ rayonunda 3,1 ton, Hacıqabulda isə 3,6 ton kartof götürülməsi ölkə üzrə ən aşağı göstəricilər kimi qeyd alınıb.
Onu da bildirək ki, ötən ildən fərqli olaraq bu il Qubadlı rayonunda kartof yığılıb. Bu ilin ilk 10 ayında Qubadlı rayonunda 46 hektar ərazidən 1 053 ton kartof toplanıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz