Tramp “Netflix” – “Warner Bros.” anlaşmasına mane ola bilər


“Netflix”in “Warner Bros.”u 83 milyard dollara alması Hollivudda ciddi narahatlıq yaradıb.
Yeniavaz.com
“Financial Times”a (FT) istinadən xəbər verir ki, bu meqa-sövdələşmə sənayedə büdcələrin azaldılması, iş yerlərinin itirilməsi və daha az film istehsalı ilə nəticələnə bilər.
FT-nin məlumatına görə, aktyorlar, ssenaristlər və teatr sahibləri anlaşmanın təsdiqlənməməsi üçün tənzimləyicilərə çağırış edirlər.
Hollivud Yazıçılar Gildiyası da narahatlıq bildirir və teatra buraxılışların azalacağından qorxur. Aktrisa Ceyn Fonda isə bu razılaşmanı “bütün əyləncə sənayesi üçün təhlükə” adlandırıb.
“Wall Street Journal” (WSJ) yazır ki, anlaşma Tramp administrasiyasının təsdiqinə ehtiyac duyur və proses uzana və ya bloklana bilər. WSJ qeyd edir ki, Tramp “Warner Bros.”u almaqda maraqlı olan “Paramount”un xeyrinə sövdələşmənin qarşısını almağa çalışa bilər.
Bundan əlavə, ABŞ Ədliyyə Departamenti “Netflix”in media bazarındakı mövqeyinin daha da güclənməsi ilə bağlı narahatlıqları araşdıracaq.
FT xatırladır ki, Hollivudda iş itkiləri 2022-ci ildən sonra başlayıb. 2023-cü ildə ssenarist və aktyorların uzun müddətli tətili vəziyyəti daha da ağırlaşdırıb. Kassa gəlirləri hələ də COVID-dən əvvəlki səviyyəyə qayıtmayıb və 10 minlərlə iş yeri yoxa çıxıb.
Bu vəziyyət təkcə kino işçilərini deyil, vizajistlərdən tutmuş restoran sahiblərinə qədər bütün əlaqəli sektorları zərbə altında qoyub.
“Netflix” bildirir ki, “Warner Bros.”un alınması ABŞ-də istehsalın genişlənməsinə və yeni orijinal məzmunların yaradılmasına imkan verəcək. Şirkət bunun “yaradıcı istedadlar və yeni iş yerləri üçün daha çox imkanlar” açacağını iddia edir.
“Netflix”in baş direktoru Ted Sarandos teatr buraxılışlarının dayandırılmayacağını vurğulayıb:
“Warner Bros”. tərəfindən teatra planlaşdırılan bütün buraxılışlar davam edəcək””
Bəzi ekspertlər isə hesab edir ki, bu anlaşma “Warner Bros.”un dəyişən bazarda ayaqda qala bilməsi üçün ən yaxşı variantdır. UCLA professoru Tom Nunan deyib ki, əgər “Warner” satılmalı idisə, qoy ən ağıllı və ən güclü oyunçuya satılsın.

DİGƏR XƏBƏRLƏR

Top