
“Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən, neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulub”.
Yeniavaz.com xəbər verir ki, bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, məhz bu sazişlərə əsasən, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib:
“Yenə də həmin sazişlərə əsasən, Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan, Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır”.
***16:54
BP şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərlərinin operatorluğu rolunun digər tərəflərə ötürülməsi istiqamətində danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media”ya məlumat verilib.
Məlumata görə, proses başa çatdıqdan sonra BP hər iki boru kəmərinin operatoru statusunu tərk edəcək.
Qeyd olunub ki, BP-nin mövcud müqavilələri çərçivəsində operatorluq funksiyasının ötürülməsi ilə bağlı danışıqlar aşağıdakı istiqamətləri əhatə edir:
- Gürcüstanda yerləşən Bakı-Supsa avadanlıqlarının Gürcüstan Neft və Qaz Korporasiyasına və ya onun təyin etdiyi operatora qaytarılması;
- Bakı-Tbilisi-Ceyhan meneceri, Bakı-Tbilisi-Ceyhan Baş operatoru və Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə operatorluq rollarının “SOCAR Midstream”ə verilməsi.
Operatorluqdan geri çəkilməsinə baxmayaraq, BP hər iki boru kəmərinin əsas səhmdarlarından biri olaraq qalır. Şirkət Bakı-Tbilisi-Ceyhan boru kəmərində 30,1%, Cənubi Qafqaz boru kəmərində isə 29,99% paya sahibdir.
BP-dən bildirilib ki, operator rolunun ötürülməsi prosesinin 2026-cı ilin birinci yarısının sonunadək başa çatdırılması planlaşdırılır:
“Biz mövcud müqavilələrdə boru kəmərlərinin istifadəsi və istismarını tənzimləyən tələblərə uyğun hərəkət edəcəyik. Operator rolunun ötürülməsi Səngəçal terminalına və BP-nin BTC və CQBK layihələrində operator statusuna şamil edilmir”.
Şirkət həmçinin qeyd edir ki, BP regionda iri neft və qaz layihələrinin başlıca operatoru və ən böyük səhmdarlarından biri kimi fəaliyyətini davam etdirəcək:
“Operator rolları aidiyyəti tərəflərə ötürüldükdən sonra BP AÇG (Azərbaycan–Çıraq–Günəşli), Şahdəniz yataqları və Səngəçal terminalının operatoru olaraq qalacaq və BTC ilə CQBK layihələrində səhmdarlığını davam etdirəcək”.
BP Gürcüstanda operatorluğun ötürülməsinə dair əlavə qiymətləndirmə apardığını və prosesin müəyyən vaxt tələb etdiyini də qeyd edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz