
Bu ilin dekabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 905,4 min ədəd olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici muzdlu işçilərin, yəni əmək müqaviləsi ilə işləyən işçilərin sayından çoxdur.
Məlumat üçün bildirək ki, əmək müqaviləsi ilə işləyənlərin sayı ilə bağlı sonuncu rəsmi məlumat bu ilin oktyabr ayının 1-nə aiddir. Həmin tarixdə ölkədə 1 milyon 781,4 min nəfər əmək müqaviləsi ilə işləyən şəxs olub. Eyni dövrdə, yəni oktyabr ayının 1-də ölkədə 1 milyon 868,5 min ədəd əmək müqaviləsi olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən şəxslərin sayından 87,1 min ədəd çoxdur.
Qeyd edək ki, bu göstərici bir şəxs birdən çox işdə əmək müqaviləsi ilə işlədiyi zaman mümkün ola bilər.
Lakin maraqlıdır ki, 2019-cu ilin əvvəlinə olan rəsmi məlumatda göstərilir ki, ölkə üzrə 1 milyon 401,9 min əmək müqaviləsi, 1 milyon 548,9 min nəfər əmək müqaviləsi ilə işləyən şəxs olub.
Bu isə onu göstərir ki, 5 il əvvəl açıqlanan rəsmi məlumatlarda qeyri-dəqiqlik olub. Çünki əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən şəxslərin sayından az ola bilməz.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz