
Dövlət Turizm Agentliyi “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, Turizm Agentliyi Meşə Təsərrüfatı Mərkəzindən odun yanacağı satın alacaq.
Qeyd edək ki, Qoruq Quba rayonunun Xınalıq kəndi də daxil olmaqla bir çox ətraf ərazini əhatə edir.
Məlumat üçün bildirək ki, 2011-ci ildə rəsmi mətbuatda Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Xınalıq kəndinə qaz xəttinin çəkildiyi barədə məlumat yayılıb.
14 il əvvəl yayılan həmin məlumatda qeyd olunub ki, cari ilin – 2011-ci ilin sentyabr ayınadək Quba rayonunun Xınalıq kəndinə qaz xəttinin çəkilişi başa çatdırılacaqdır. O dövrdə mətbuata açıqlama verən Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibov isə bildirib ki, artıq Xınalıq istiqamətində 28 kilometr xətt çəkilib və ümumi işlərin başa çatması üçün 29 kilometr qalıb.
Bu məlumatların yayılmasından ötən 11 il ərzində Xınalıq kəndinə qaz xəttinin çəkilib-çəkilmədiyi barədə əlavə məlumat verilməyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz