
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Vaşinqtonda keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edəcək və orada FIFA Sülh Mükafatını almaq üçün səhnəyə çıxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, iki saat davam edəcək tədbir Trampın sevimli opera müğənnilərindən olan Andrea Boçellinin çıxışı ilə başlayacaq. Daha sonra FIFA prezidenti Canni İnfantino Trampı Sülh Mükafatı laureatı kimi təqdim edəcək. Trampın mükafatı qəbul edəcəyi və səhnədən çıxış edəcəyi gözlənilir.
2026-cı il FIFA Dünya Çempionatının dörd komandadan ibarət 12 qrupunu müəyyən edəcək rəsmi püşkatma mərasimi Amerika liderinin imza mahnısı sayılan “YMCA” hiti ilə yekunlaşacaq. Mahnı “Village People” qrupunun ifasında səslənəcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz