“Passiv” şirkətlə 3 milyonluq müqavilə: Xocavənddə biri 59 minə 50 ev təmir edəcək


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Proqress 555” MMC (VÖEN – 1004062161) və “Fasttech” MMC (VÖEN – 1006665241) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, “Proqress 555” MMC Xidmətin sifarişi əsasında Xocavənd şəhərində fərdi yaşayış (50 ev – 8 415 m²) evlərinin əsaslı təmiri işlərini həyata keçirəcək və qarşılığında 2 milyon 936 min 2 manat 6 qəpik alacaq. “Fasttech” MMC isə Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış (40 ev – 7 600 m²) evlərinin əsaslı təmiri işlərini həyata keçirəcək və qarşılığında 2 milyon 656 min 196 manat 60 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, “Proqress 555” MMC bir ədəd fərdi yaşayış evinin təmiri üçün 58 min 720 manat, “Fasttech” MMC isə 66 min 405 manat alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Fasttech” MMC 2020-ci ilin 22 sentyabr tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xankəndi şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Axundov Şəmsi Şöhlət oğludur.
Nizamnamə kapitalı 10 manat olan “Proqress 555” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Sülüyman Sani Axundov, ev 2Q, m. 25-də yerləşən MMC-nin qanuni təmsilçisi Qasımov Rəşad Müzəffər oğludur. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Proqress 555” MMC-nin hazırda “Passiv” vergi ödəyicisi olduğu qeyd olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top