
Açıqlanan rəsmi məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında inşaat materiallarının qiymətində 3%, təmir-tikinti sahəsində göstərilən xidmətlərin qiymətində isə 5%-dən çox bahalaşma olub.
Yeniavaz.com xəbər verir ki, paytaxtda inşa edilən hündürmərtəbəli yaşayış binlarının bir çoxunda mənzillər təmirsiz satışa çıxarıldığı üçün material və xidmətlərdəki bahalaşma mənzillərin yekun qiymətinə də təsirsiz ötüşmür.
Mövcud vəziyyəti nəzərə alaraq Yeniavaz.com saytı Bakı şəhərində təxminən 90 kvadratmetrlik 3 otaqlı mənzilin tam təmiri üçün nə qədər vəsait lazım olduğunu araşdırıb.
Qeyd edək ki, mənzillərin təmirinə döşəmə şapı dediyimiz səviyyələndirmə mərhələsindən başlanılır.
90 m² sahəsi olan mənzilin döşəmə səviyyəsini düzəltmək üçün təxminən 4-5 sm qalınlığında sement-qum qarışığı əlavə olunur. Bu işin hər kvadratmetri üçün təxminən 5 manat xidmət haqqı ödənilir. Eyni zamanda şap üçün lazım olan sement-qum qarışığının material dəyəri də 450 manat edir. Beləliklə, bu mərhələ ümumilikdə 900 manata başa gəlir.
Elektrik xəttlərinin çəkilməsi
Mənzillərdə elektrik sisteminin qurulması 2 üsul ilə hesablanır. Bu zaman həm kvadratmetrlə, həm də görülən işin həcmi ilə (elektrik xətlərinin uzunluğu, elektrik yuvalarının sayı və s.) hesablama aparmaq mümkündür. Lakin qeyd edək ki, hər iki üsul ilə aparılan hesablamada yekun qiymət əksər hallarda bir-birinə yaxın olur. Bu səbəbdən də araşdırmada elektrik xətlərinin çəkilməsi ilə bağlı xərcləri kvadratmetrlə təqdim edirik. 90 m² mənzilə elektrik xətlərinin çəkilməsi üçün xidmət haqqı 1 530 manat edir. Kabel, avtomat, rozetka və digər materiallar isə 1 350 manat təşkil edir ki, yekunda elektrik işlərinin ümumi dəyəri 2 880 manat olur.
Santexnika xətləri
90 m² üzrə isti-soyuq su və kanalizasiya xətlərinin çəkilməsi üçün ustalara 1 530 manat xidmət haqqı verilir. Boru və bağlantı materiallarına isə 810 manat tələb olunur. Beləliklə, bu hissənin ümumi qiyməti 2 340 manat təşkil edir.
Santexnika avadanlıqlarının (unitaz, rakvina, duş sistemi və s.) quraşdırılması isə ayrıca 1 320 manata başa gəlir. Bunun 120 manatı usta işi, 1 200 manatı isə avadanlıq materiallarıdır.
Döşəmə örtükləri
Otaqlara və dəhlizə ümumilikdə 70 m² laminat vurulur. Usta xidmətinə 210 manat, laminat materialına 840 manat xərc çıxır. Ümumi dəyər 1 050 manat olur.
Hamam, tualet və mətbəx hissələrinə 22 m² kafel döşənir. Xidmət haqqı 308 manat, material isə 330 manat təşkil edir. Bu mərhələ 638 manat edir.
Divar işləri
150 m² divar sahəsinə şpaklyovka və astar çəkilir. Usta xidməti 450 manat, material 600 manat olmaqla bu mərhələ 1 050 manat tutur.
Divarların boyanması üçün ustaya 450 manat ödənilir. 50 m² oboy vurulması isə ümumilikdə 650 manata başa gəlir ki, bunun 150 manatı işçilik, 500 manatı isə oboy materialıdır.
Hamam, tualet və mətbəxin divarlarına 35 m² kafel vurulur. Xidmət haqqı 490 manat, material 525 manat olmaqla bu hissə də 1 015 manat edir.
Tavan işləri
Otaqlar və dəhliz üzrə 70 m² ərazidə alçıpan tavan çəkilir. Usta xidməti 490 manat, material isə 840 manat təşkil edir. Bu mərhələnin ümumi dəyəri 1 330 manat olur.
Qapılar və pəncərələr
Mənzildə 5 ədəd iç qapı quraşdırılır. Usta xidmətinə 125 manat, materiala isə 850 manat tələb olunur. Ümumi qiymət 975 manat edir.
Giriş qapısının quraşdırılması isə 680 manat təşkil edir. Bunun 80 manatı usta, 600 manatı isə qapının özüdür.
Pəncərələr üçün 11 m² PVC material quraşdırılır. İşçilik 110 manat, material isə 1 760 manat olmaqla bu hissənin dəyəri 1 870 manat olur.
İstilik sistemi
Kombi və radiatorlardan ibarət istilik sistemi quraşdırılması üçün ustaya 250 manat ödənilir.
Avadanlığın material dəyəri isə 2 260 manatdır. Bu mərhələnin ümumi qiyməti 2 510 manat edir.

Apardığımız hesablama göstərir ki, 90 kvadratmetrlik 3 otaqlı mənzilin təmiri üçün xidmət (usta) haqqı olaraq 6 743 manat, materiallar üçün isə 12 915 manat vəsait lazımdır. Nəticədə tam təmirə görə 19 658 manat xərclənməlidir.
Məlumat üçün bildirək ki, mənzillərin təmiri istifadə olunan materialların qiymətindən birbaşa asılı olduğu üçün təmir qiymətləri də həmin materialların qiymətinə görə dəyişir. Bu yazıda göstərilən qiymət Bakı şəhərində orta səviyyəli təmir standartları əsasında hesablanıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz