
Bu ilin ilk 10 ayı ərzində turizm məqsədi ilə Azərbaycana 1 milyon 538 min 453 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1 679 nəfəri və ya 0,1%-i ölkəyə dini ziyarət məqsədi ilə gəlib.
Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 189 nəfər və ya 41% azalıb.
Dini ziyarət üçün Azərbaycana gələnlərin təxminən yarısı – 883 nəfəri Rusiya vətəndaşı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əksər ölkələr üzrə dini ziyarətə gələn əcnəbilərin sayı azalıb. Ötən ilin ilk 10 ayında Bəhreyn (41 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (64 nəfər) və Böyük Britaniyadan (41 nəfər) Azərbaycana dini ziyarət üçün gələnlər olduğu halda, bu ilin eyni dövründə bu ölkələrdən gələn olmayıb.
Ən kəskin azalma Səudiyyə Ərəbistanı, Ukrayna və Pakistandan gələnlərin sayında qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Ukraynadan gələnlərin sayı 20 dəfə azalaraq 2 nəfərə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 14 dəfə azalaraq 7 nəfərə, Pakistandan gələnlərin sayı isə 13 dəfə azalaraq 14 nəfərə düşüb. Ötən ildən fərqli olaraq bu ilin yanvar-oktyabr aylarında Qırğızıstan və Türkmənistanın hər birindən 6 nəfər Azərbaycana dini ziyarətə gəlib.
Yeganə artım isə İsraildən gələnlərin sayında qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında İsraildən dini ziyarət üçün gələnlərin sayı 2 dəfə artaraq 118 nəfərə yüksəlib.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 883 nəfər;
Türkiyə – 263 nəfər;
Qazaxıstan – 147 nəfər;
Gürcüstan – 144 nəfər;
İsrail – 118 nəfər;
İran – 45 nəfər;
Hindistan – 44 nəfər;
Pakistan – 14 nəfər;
Səudiyyə Ərəbistanı – 7 nəfər;
Qırğızıstan – 6 nəfər;
Türkmənistan – 6 nəfər;
Ukrayna – 2 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz