
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti özünün ilk üçqatlanan smartfonu olan “Galaxy Z TriFold”u təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə istehsalçının saytında məlumat dərc olunub.
Şirkətin məlumatına görə, yeni qurğu dekabrın 12-də Cənubi Koreyadakı mağazalarda satışa çıxarılacaq.
Tam açıldıqda telefonun ekranı diaqonal olaraq 10 düym təşkil edir. Bu da onu funksionallıq baxımından planşetlə müqayisə etməyə imkan verir.
Həmçinin, smartfonun üç ekran bölməsinin hər birində ayrı bir proqram açmaq mümkündür.
“Galaxy Z TriFold”un qiyməti Cənubi Koreyada 3,5 milyon von (təxminən 2430 dollar) olacaq. Daha sonra Çin, Sinqapur, BƏƏ və ABŞ-də satışa çıxarılacaq.
Cihaz 512 GB daxili yaddaşa malik olacaq. “Galaxy Z TriFold” həmçinin, “Samsung”un qatlanan telefonları arasında ən böyük batareya ilə təchiz ediləcək - 5600 mAh.
“Samsung Electronics”in məlumatına görə, batareya da ekran kimi üç hissəyə bölünür.
Qeyd edək ki, bundan əvvəl Çinin “Huawei” şirkəti 2024-cü ilin sentyabrında üçqatlanan ekranlı smartfonunu – “Huawei Mate XT”ni təqdim etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz