Götürdükləri kreditləri qaytara bilməyənlərin sayı artır? – Məbləğ 805,3 milyona çatıb


Bu ilin oktyabr ayının sonunda Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin (problemli kreditlər) ümumi həcmi 805,3 milyon manata çatıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövründə qeydə alınan 703,3 milyon manatla müqayisədə 14,5% çoxdur.
Bu isə o deməkdir ki, problemli kreditlərin məbləği son bir ildə 102 milyon manat artıb.
Bu ilin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi daha çox artıb. 2024-cü ilin sonunda bu göstərici 655,1 milyon manat təşkil edib. İlin əvvəlindən ötən 10 ay ərzində qeyri-işlək kreditlərin həcmi 150 milyon manatdan çox artıb.
Qeyd edək ki, artım daha çox istehlak kreditləri üzrə qeydə alınıb. Belə ki, ötən ilin sonunda 246,3 milyon manat olan istehlak kreditləri üzrə qeyri-işlək borclar bu ilin eyni dövründə 325,8 milyon manata çatıb. Bu isə son 10 ay ərzində istehlak kreditləri üzrə qeyri-işlək borcların 79,5 milyon manat artması deməkdir. Biznes kreditləri üzrə artım bu ilin ilk 10 ayında 72,7 milyon manat artaraq 447,4 milyon manata çatıb. İpoteka kreditləri üzrə problemli kreditlərin həcmi isə bu il azalıb. İlin əvvəlində ipoteka kreditləri üzrə 34 milyon qeyri-işlək borc olduğu halda, ötən ayın əvvəlində 32,1 milyon manata düşüb.
Onu da qeyd edək ki, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı isə cüzi artım göstərib. Bu ilin əvvəlində 2,6% olan nisbət, oktyabrın sonunda 2,7%-ə yüksəlib. Biznes kreditlərində bu göstərici 2,5%-dən 2,9%-ə, istehlak kreditlərində 2,9%-dən 3,5%-ə kimi artıb. İpoteka kreditlərində isə 0,8%-dən 0,7%-ə düşüb.
Məlumat üçün bildirək ki, qeyri-işlək kredit əsas borc və ya faiz borcu üzrə 90 gündən yuxarı gecikmədə olan kreditin əsas məbləğini əhatə edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top