
Şanxayın “Tszyaotun” Universitetinin əməkdaşları atmosferdən birbaşa içməli su əldə etməyə imkan verən yeni texnologiya hazırlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, suyun yığılması üçün kondensasiya və udma üsullarından, həmçinin istilik nasosundan istifadə edilir.
Yeni texnologiyanın müxtəlif iqlim şəraitinə, o cümlədən yüksək temperatur və aşağı rütubətə uyğunlaşdığı iddia olunur.
Bunun üçün, faktiki olaraq, heç bir infrastruktur olmadan fəaliyyət göstərən və günəş enerjisi ilə işləyən avtonom stansiya yaradılıb.
Ölçüsünə görə kiçik avtobus dayanacağı ilə müqayisə olunan bu stansiya 15-40 dərəcə selsi temperaturda və 35%- 99% rütubət səviyyəsində işləyir və gündə 50 litrə qədər içməli su istehsal edir.
Bundan əlavə, ada otellərində və ya kiçik yaşayış məntəqələrində istifadə üçün uyğun olan gündəlik tutumu 1600 litrə qədər çatan platforma da hazırlanıb.
Bu ixtiranın planetin bəzi regionlarında su qıtlığını aradan qaldıracağı gözlənilir. Bu qurğu qeyri-sabit su təchizatı olan ərazilər üçün də uyğundur.
Tətbiqimizi yükləyə bilərsiniz