
- 23 il idi ki, evli idik. Dünən bu evliliyə son qoyduq. Boşandıq. Ailə şirkətimiz iflas etdi. Artıq boş dəryada kürək çəkməyin bir mənası yox idi.
- Niyə? - deyə soruşdu dostu.
- Problemlərimiz xəstəlik kimi idi. Əvvəlcə əhəmiyyət vermədik. “Hələ gəncik, keçib gedər”, - dedik. Hər şeyi zamanın axarına buraxdıq. Ancaq olmadı. İllər keçdi, ancaq problemlərimiz keçmədi. Əksinə bu “xəstəlik” yayıldıqca yayıldı.
- Xoşbəxtliyinizi itirməmək üçün yollar axtarmadınızmı?
- Biz xoşbəxtliyi qazanmaq üçün yollar axtarmadıq ki, onu itirməmək üçün də yollar axtaraq. Həmişə evliliyə ötəri baxdıq. “Səni çox sevirəm!” kimi gəlişigözəl sözlərlə öz-özümüzü aldatdıq.
- Sevgisiz evlilik necə ola bilər?
- Biz bunu 23 il sonra başa düşdük. Bütün vaxtımızı işləyib pul qazanmağa, ev, maşın almağa sərf etdik. “Çoxlu pulumuz olsa, xoşbəxtliyimiz də olar”, - dedik.
- Valideynləriniz sizə kömək etmədilərmi?
- Onların “köməyi” problemlərimizi daha da artırdı. Hamı bir-birini ittiham edir, hamı bir-birini günahkar sayırdı...
- Əgər indiki ağlınız olsaydı, 23 il əvvəl ailənizin dağılmaması üçün nə edərdiniz?
- Həyat yoldaşımla oturub hər şeyi danışardım. Problemlərimizi ört-basdır etməkdənsə, həll etməyə çalışardım. Onda səhv gördüyüm kimi, özümdə də səhv görərdim. Lazım gəlsə, üzr də istəyərdim. İndi başa düşürəm ki, mərdlik heç də qaya kimi sərt olmaq deyil...
- Bu dediklərinizi 23 il keçsə də, niyə həyata keçirmədiniz?
- Gücüm qalmadı. İlk vaxtlar bu problemlərin öhdəsindən gələ biləcəyimi düşünürdüm. Ancaq illər keçdikcə gücümün qalmadığını anladım. İndi problemlərimizi həll etmək üçün nə gücüm var, nə də inamım.
- Yəqin ki, evliliyinizin bir daha “ayağa qalxmayacağını” düşünürsünüz?
- Evlilik ağaca bənzəyir. Bir fidanı sulayıb böyütdüyün kimi, evliliyə də qulluq etməlisən. Halbuki, mən elə bilirdim ki, 25 yaşımda necəyəmsə, 50 yaşımda da elə olacağam. Evliliyin də bizimlə böyüdüyünü, dəyişdiyini heç düşünmədim. 25 yaşımda başqa, 50 yaşımda isə başqa bir evliliyim var idi. Evliliyimiz dəyişsə də, biz özümüzü dəyişə bilmədik. Uşaqlarımız oldu, ancaq mən yaxşı ata ola bilmədim. Ata olmaq, atalıq etmək nədir 20 il sonra öyrəndim. İndi isə çox gecdir...
- Heç vaxt gec deyil. Bəlkə də, 23 ili geri qaytara bilməzsiniz, ancaq evliliyinizi geri qaytara bilərsiniz...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz