
Son günlər mətbuatda və sosial şəbəkələrdə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, təqdim olunan yeni mexanizm 2025-ci ildən qeyri-formal məşğul şəxslərin də aylıq icbari tibbi sığorta haqqı ödəməsini nəzərdə tutur.
Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda məşğul əhalinin ümumi sayı 5 milyon 102,6 min nəfərdir. Onların 1 milyon 781,4 min nəfəri muzdlu əmək fəaliyyəti ilə məşğuldur. 1 milyon 435,4 min nəfər fərdi sahibkar kimi qeydiyyata alınıb. Qeydiyyatda olmayan qeyri-formal məşğul əhali isə 1 milyon 886,8 min nəfər təşkil edir.
Qanuna təklif edilən dəyişikliyə əsasən, məhz bu qeyri-formal məşğul şəxslər gələn ildən ayda 16 manat icbari tibbi sığorta haqqı ödəməli olacaqlar. Bu, il ərzində ümumilikdə 362,3 milyon manat əlavə vəsaitin toplanması deməkdir.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 900 milyon manat həcmində nəzərdə tutulub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz