
ABŞ-nin oktyabrın sonunda Rusiyanın iki ən böyük neft şirkəti – “Lukoyl” və “Rosneft”ə sanksiyalar tətbiq etməsi qlobal neft bazarında yeni gərginliyə səbəb olub.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, Asiyanın iki əsas alıcısı olan Çin və Hindistan Rusiyadan alınan neftin həcmini azaldır.
Bildirilir ki, ixrac göstəriciləri aşağı düşsə də, Moskva hasilatı azaltmaq niyyətində deyil.
Rusiyanın dəniz yolu ilə xam neft ixracı artıq dörd həftədir ki, azalır. 10–16 noyabr həftəsində limanlardan 23,06 milyon barel neft yüklənib. Bu əvvəlki həftəyə nisbətən 37 min barel azdır.Orta gündəlik ixrac 50 min barel azalaraq 3,29 milyon barelə düşüb. Oktyabrın 20-dən noyabrın 16-dək olan dövrdə ixrac əvvəlki 28 günlə müqayisədə 3% enib və bu, avqustun sonundan bəri ən aşağı göstəricidir.
Ekspertlərin fikrincə, bu azalma həm sanksiya təzyiqləri, həm də alıcılar tərəfindən gözləmə mövqeyi ilə bağlıdır.
Sanksiyaların fonunda Urals markalı Rusiya neftinin qiymətində müəyyən ucuzlaşma müşahidə olunub. Baltik limanlarında 1,7 dollar, Qara dəniz limanlarında 2,5 dollar azalma qeydə alınıb.
Daha bahalı ESPO markalı neft isə 1,3% ucuzlaşıb. Bununla belə, qiymətlərdə kəskin düşüş yoxdur.
ABŞ sanksiyaları xüsusilə Çinə təsir göstərib. Çin Rusiya neftinin ən böyük alıcısı olub və təkcə ESPO neftinin təxminən 45%-ni alıb. Çinin iri dövlət neft emalı zavodları ESPO-nun alışlarını dayandırıb.
Hətta riskli müqavilələrdən çəkinməyən özəl zavodlar belə tədarükləri azaltmağa başlayıb. Buna səbəb Çin şirkətlərinin sanksiya təhlükəsi ilə üzləşməsidir.
Məsələn, “Shandong Yulong Petrochemical” şirkətinin Avropa və Britaniya tərəfindən qara siyahıya salınması Çində ciddi siqnal kimi qəbul edilib. Şirkət qara siyahıya düşdükdən sonra onun Yaxın Şərq və Kanada nefti tədarükçüləri əməkdaşlığı dayandırıb.
Rusiyanın neft satışında mühüm yer tutan Hindistan da tədarükləri azaldır. Hazırda təkcə Urals markalı 7,7 milyon barel neft Hindistana doğru yoldadır. Bu yüklər əsasən “Reliance” və “Nayara Energy” zavodlarına yönəlib. Lakin ölkənin yeddi böyük emal zavodundan beşi 21 noyabrdan sonra Rusiya neftini qəbul etməyəcəyini açıqlayıb.
Dövlət şirkəti IOC sanksiyalar qüvvəyə minməmişdən əvvəl bir neçə yük qəbul etsə də, yeni müqavilələrdən yayınır. Təkcə Rusiyadan asılılığı yüksək olan “Nayara Energy” tədarükləri davam etdirmək niyyətindədir.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, Hindistan limanlarına çata bilməyən tankerlər nefti digər tankerlərə ötürə və ya Malayziya kimi üçüncü ölkələrə yönləndirə bilər.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, yeni sanksiyalara uyğunlaşmaq təxminən 1–2 ay çəkəcək. Sənaye isə artıq müxtəlif alternativ üsullar üzərində işləyir. Buraya neftin tankerlər arasında yenidən yüklənməsi, mənşə ölkəsinin sənədlərdə dəyişdirilməsi, neftin üçüncü ölkələr vasitəsilə daşınması daxildir.
Ekspertlər İran neftinin illərdir Malayziya adı altında Çin statistikasına düşməsini nümunə göstərirlər və hesab edirlər ki, Rusiya da oxşar sxemlərdən istifadə edəcək.
Sanksiyaların təsirinə baxmayaraq, Rusiya hökuməti hasilatı azaltmayacağını bildirir.
Sanksiyalardan dərhal sonra Brent markalı neftin qiyməti 62 dollardan 65 dollara qalxsa da, artıq bir ay ərzində qiymət 62–65 dollar arasında dəyişir.
Müşahidə olunan azalmalar Rusiya neftinin Asiya bazarına çatmasında ciddi çətinliklər yaratdığını göstərir. Lakin sənaye ekspertlərinin əksəriyyəti bunun uzunmüddətli deyil, keçid dövrü olduğunu deyir. Bildirilir ki, Rusiya şirkətləri illərdir sanksiyalara uyğunlaşma təcrübəsinə malikdir. Alternativ marşrutlar və üçüncü ölkələr vasitəsilə tədarük sxemləri formalaşa bilər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz