Azərbaycanda evlilik yaşı sürətlə artır – İnsanlar niyə gec evlənirlər?


Son illərdə Azərbaycanda nikaha daxilolma yaşı nəzərəçarpacaq dərəcədə artıb.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, nikaha daxil olan kişilərin orta yaşı 30,2, qadınların isə 25,1 olub.
Müqayisə üçün bildirək ki, 1991-ci ildə bu göstəricilər kişilər üçün 26,8, qadınlar üçün isə 23,3 idi.
Açıqlanan rəsmi məlumatlar insanların əvvəlki dövrlərlə müqayisədə daha gec evləndiyini göstərir.
Bəs bu dəyişimin arxasında hansı sosial və psixoloji səbəblər dayanır?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Mail Yaqub bildirib ki, evlilik yaşının artması qlobal tendensiyadır:
“Bütün dünyada bu proses müşahidə olunur. Həyat müasirləşdikcə insanlar evlənmək istəmirlər. Çünki asan və əyləncəli həyata öyrəşirlər. Bu həyat tərzi isə ailə məsuliyyəti ilə uyğunlaşmır. Ailə həm qadın, həm də kişi üçün ciddi məsuliyyətdir. Məhz buna görə də bir çoxları bu məsuliyyətdən qaçır”.

Sosioloq qeyd edir ki, rəsmi nikahdan yayınma halları da artır:
“Vətəndaş nikahlarının sayı çoxalır. İnsanlar birgə yaşayır, valideyn olurlar, lakin hüquqi, əxlaqi və psixoloji öhdəliklərə görə rəsmi nikaha girməkdən çəkinirlər”.
Mail Yaqub problemin həlli yollarını da açıqlayıb:
“Bu tendensiyanın qarşısını almaq üçün dövlət və cəmiyyət birgə çalışmalıdır. Qərbdən gələn bu mədəniyyətin təsirinə düşməmək üçün ailə institutunun dəyəri təbliğ olunmalı, gənclər ailə qurmağa təşviq edilməli, ailə psixologiyası ilə bağlı maarifləndirici təlimlər keçirilməlidir”.
Psixoloq Sevinc Həbibova isə bildirir ki, evlilik yaşının artmasının həm maddi, həm də emosional səbəbləri var:
“Kişilər evlənməzdən əvvəl ev, iş, maşın kimi imkanlara sahib olmaq istəyirlər. 30–35 yaşdan sonra kariyeranın formalaşacağını düşünürlər. Lakin yaş artdıqca həm qadınlarda, həm də kişilərdə seçicilik və kaprizlər yaranır”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrin təsiri də nikah qərarına ciddi şəkildə təsir edir:

“İnsanlar artıq demək olar ki, heç kimi itirməkdən qorxmurlar. Əvvəllər münasibət qurmaq üçün aylarla gözləyirdilər, indi isə çoxu azadlığı üstün tutur. “Subaylıq sultanlıqdır” kimi yanaşmalar geniş yayılıb”.
O, gec evlənmənin digər səbəblərinə də toxunub:
“Kişilərdə 30 yaşdan yuxarı, qadınlarda isə 27 yaş ətrafı psixoloji böhran dövrü hesab olunur. İnsanlar tez evlənib qısa müddətdə boşananları gördükcə daha ehtiyatlı davranırlar. Qızlar isə çox vaxt “öz ayaqları üstündə dayanmaq” istəyir, karyeralarını qurmağa üstünlük verirlər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top