Vergi borcu olan şirkət MİDA-nın 31 milyon manatlıq tenderini uddu


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə bağlı keçirilən müsabiqənin qalibi “GM Construction” MMC (VÖEN – 1602490331) olub.
Qeyd edək ki, “MİDA” MMC tenderin qalibi olan “GM Construction” MMC-yə 31 milyon 255 min 488 manat 1 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 1000 manat olan “GM Construction” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189-da yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.
Tenderin qalibi olan “GM Construction” MMC-nin hazırda (21.11.2025) dövlət büdcəsinə 116 min 139 manat 45 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“GM Construction” MMC oktyabr ayının 23-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 116 min manatlıq borc son 1 ayda yaranıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 milyon manat olan “MİDA” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top