Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Yol Təchizatı” MMC “Arkoz Kərpic Zavodu” MMC (VÖEN – 0300238711) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Bildirilir ki, “Arkoz Kərpic Zavodu” MMC “Naxçıvan Yol Təchizatı”na 59 min 857 manat 63 qəpik dəyərində qum-qırmadaş materialı satacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 5 milyon 799 min 260 manat olan “Arkoz Kərpic Zavodu” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Babək rayonunda yerləşən MMC-nin qanuni təmsilçisi Əsgərov Rafiq Yəhya oğludur.
Onu da bildirək ki, bir neçə il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.
Açıqlanan məlumatlara görə, “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir. Vasif Talıbovun istefasından sonra “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin nizamnamə kapitallarında da dəyişikliklər olub. Ehtimal etmək olar ki, nizamnamə kapitallarının dəyişməsi təsisçi dəyişikliyi ilə bağlıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top