İllərin məhkəməsi başa çatdı – “Meta”nın lehinə qərar çıxdı


“Meta” ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı qaldırdığı çoxillik antiinhisar işində qələbə qazanıb.
Yeniavaz.com
CNBC-yə istinadən xəbər verir ki, Vaşinqton Dairə Məhkəməsinin hakimi Ceyms Boasberq noyabrın 18-də açıqlanan memorandumda FTC-nin “Meta”nın hazırda inhisar gücünə sahib olduğunu sübut edə bilmədiyini bildirib.
Hakim qeyd edib ki, tənzimləyici qurum şirkətin illər əvvəlki vəziyyətinə deyil, bugünkü bazar şəraitində inhisarçılıq etdiyini göstərməli idi.
“Bugünkü qərar göstərir ki, FTC bunu bacarmayıb”, – Boasberq bildirib.
Beş il əvvəl FTC Mark Zukerberqin təsis etdiyi “Facebook”un “Instagram”ı (2012-ci ildə 1 mlrd. dollara) və “WhatsApp”ı (2014-cü ildə 19 mlrd. dollara) almasını qanunsuz sayaraq iş qaldırıb. Komissiya hesab edirdi ki, bu satınalmalar sosial media bazarında rəqabəti məhdudlaşdırıb və “Facebook”, “Instagram” kimi platformalara real alternativlər qoymayıb.
2021-ci ildə hakim ilk şikayəti sübut çatışmazlığı səbəbilə geri qaytarıb, lakin FTC istifadəçi bazası və rəqiblərə dair daha geniş məlumat təqdim etdikdən sonra iş 2022-ci ildə yenidən davam etdirilib. Bu ilin aprelində isə Zukerberq, Şeril Sandberq və digər keçmiş-hazırkı rəhbərlər məhkəmədə ifadə veriblər.
Boasberq qərarında bildirib ki, sosial media bazarı son illərdə ciddi dəyişib və “Meta” artıq tək dominant güc deyil. O, “TikTok” və “YouTube”un istifadəçi vaxtını ciddi şəkildə özünə cəlb etdiyini və bu platformaların “Meta” üçün real rəqib olduğunu vurğulayıb.
FTC-nin kommunikasiya direktoru Co Simonson qərarı “dərin məyusedici” adlandırıb və komissiyanın apellyasiya üçün bütün mümkün variantları nəzərdən keçirdiyini deyib.
“Meta” tərəfi isə hökmü rəqabətin mövcudluğunun təsdiqi kimi dəyərləndirib. Şirkətin baş hüquq məsləhətçisi Cennifer Nyusted bildirib ki, “Meta” məhsulları istifadəçilər və bizneslər üçün faydalıdır və şirkət ABŞ iqtisadiyyatına investisiyanı davam etdirməyə hazırdır.
“Meta”nın “Nasdaq”da səhmləri gün ərzində 0,72% azalaraq 597,60 dollara düşüb.
Qeyd edək ki, “Meta” ilə bağlı qərar “Google”un antiinhisar işində ağır sanksiyadan yayınmasından iki ay sonra gəlib. Həmin işdə hakim Amit Mehta şirkətin “Chrome” brauzerini satmağa məcbur edilməyəcəyinə qərar verib. Lakin “Google”un internet axtarışında monopolist olduğu müəyyən edilərək axtarış məlumatlarına nəzarəti azaltması tələb olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top