
Son zamanlar Azərbaycanda bəzi qadınların iki soyaddan istifadə etməsi halları artıb.
Yeniavaz.com xəbər verir ki, evləndikdən sonra öz soyadından imtina etmək istəməyən bəzi qadınlar ərinin soyadı ilə birlikdə ikili soyad seçirlər.
Bəs bu hal qanunvericilikdə necə tənzimlənir və qadınlar niyə ikili soyaddan istifadə edirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Ariz İbadov bildirir ki, ikili soyadın seçilməsi Azərbaycan qanunvericiliyində açıq şəkildə təsbit olunub:
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, ər-arvad istəklərinə uyğun olaraq onlardan birinin soyadını ümumi soyad kimi seçə bilərlər. Eyni zamanda hər iki tərəf nikahdan əvvəlki soyadını saxlaya və ya ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Yəni qanun qadına ikili soyad götürmək imkanı tam şəkildə verir”.
Ariz İbadov
Hüquqşünas əlavə edir ki, ikili soyad seçməklə qadın həm ictimai tanınmasını qoruyur, həm də ailə həyatında yeni soyaddan istifadə etmək imkanına malik olur:“Bu seçim xüsusilə öz sahəsində əvvəlki soyadı ilə tanınan qadınlar üçün əhəmiyyətlidir. Onlar yeni ailə statusunu rəsmiləşdirir, lakin eyni zamanda peşəkar imzalarını da itirmirlər. Qanun buna şərait yaradır və prosedur da sadədir”.
“Elə xanımlar var ki, soyad dəyişməyi ailə qurmağın ilk və ən vacib göstəricisi hesab edir və bununla fəxr edirlər”
Psixoloq Aynur İsgəndərova isə bildirir ki, əvvəlki dövrlərdə qadınlar istəsələr də, istəməsələr də soyad dəyişməyə meyilli olurdular:
“Əslində ərinin soyadına keçmək dədə-babadan qalan bir anlayışdır. Bunun simvolik mənası “mən artıq bu insanla ailəliyəm, bir ailə qurmuşam” deməkdir. Qadın özünü həmin ailənin üzvü kimi görür. Zaman keçdikcə cəmiyyətdəki düşüncə tərzi formalaşıb, müəyyən stereotiplər dəyişib. Bu gün qadınların fikirlərini sərbəst ifadə etmək, öz arzularını dilə gətirmək imkanları daha genişdir. Artıq cəmiyyətimizdə bərabərhüquqlu anlayışlar formalaşıb. Qadınlar öz fikrini deməkdən çəkinmir. Əgər istəmirsə, soyadını dəyişməyə məcbur deyil”.
Aynur İsgəndərova
Psixoloq hesab edir ki, soyad seçimi insanın böyüdülmə tərzindən, ailə dəyərlərindən və şəxsi həyat təcrübəsindən asılıdır:“Elə xanımlar var ki, soyad dəyişməyi ailə qurmağın ilk və ən vacib göstəricisi hesab edir və bununla fəxr edirlər. Digərləri isə əksinə, ata soyadını dəyişməməyi doğru sayır. Hər bir yanaşma fərdin yetişdirilmə tərzi və dəyərləri ilə bağlıdır”.
Psixoloq əlavə edir ki, bəzi hallarda ikili soyad ən optimal variant kimi seçilir:
“İkili soyaddan istifadə xüsusilə o zaman olur ki, qadın əvvəlki soyadı ilə öz sahəsində tanınır, lakin ailə həyatında da yeni soyadı daşımaq istəyir. Bu zaman ikili soyad həm tanınmanı qoruyur, həm də ailə bağlarını simvolizə edir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz