
20 noyabrdan etibarən portativ şarj cihazlarının (“power bank”) daşınması və istifadəsi ilə bağlı yeni təhlükəsizlik qaydaları tətbiq edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb.
Bildirilib ki, qərar litium-ion batareyalı cihazların yarada biləcəyi riskləri azaltmaq və sərnişinlərin təhlükəsizliyini maksimum təmin etmək məqsədi daşıyır.
“Yeni qaydalar:
Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
Şarj cihazını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
Şarj cihazını yuxarı baqaj rəflərində saxlamaq qadağandır – cihaz sərnişinin yanında olmalıdır ki, ekipaj lazımi halda müdaxilə edə bilsin.
Yalnız zavod markalaması olan və 100 vat/saatadək nominal tutuma malik bir ədəd portativ şarj cihazını əl yükündə daşımağa icazə verilir. 100–160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər.
Yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz