
Kainatdakı hikmət və nizam təsadüfü rədd edir. Bu böyük həqiqəti riyaziyyatın bir sahəsi olan “Ehtimallar Nəzəriyyəsi” ilə də göstərmək olar.
Bir anlığa dünyanın təsadüfən meydana gəldiyini təsəvvür edək. Bu sahədə mövcud olan nəzəriyyələrə görə, Günəşdən ayrılan planetlərin kosmosda yerləşməsi üçün sonsuz sayda yer var. Bu yerlər arasında dünyanın tutduğu yer isə birdir. Elə isə dünyanın heç bir planetlə toqquşmadan indiki yerində yerləşməsi ehtimalı sonsuzda birdir. Bu isə sıfır deməkdir. Ehtimalı sıfır olan hadisələrin təsadüfən baş verməsi qeyri-mümkün olduğu üçün bu hadisənin də təsadüfən baş verməsi qeyri-mümkündür. Halbuki dünyanın istər öz oxu, istərsə də Günəş ətrafında sürətlə fırlanması, bu böyük sürətə baxmayaraq, həyatın öz axarı ilə davam etməsi, gecə-gündüz, yaz-payız, yay-qış hadisələri kamil elmin və sonsuz qüdrətin ifadəsidir. Çünki dünyanın istər sürətində, istərsə də, orbitində ən kiçik bir dəyişiklik bütün varlığın bir göz qırpımında məhv olması deməkdir. Elə isə burada təsadüfdən söhbət gedə bilməz və bu hikmət və nizam yalnız və yalnız Sonsuz Qüdrət Sahibinin iradəsi ilə mümkün ola bilər.
Məsələyə aydınlıq gətirmək üçün bir misal da verək. İçərisində əlifbanın 29 hərfi olan bir torba təsəvvür edək. Bu torbadan çıxardığımız hərflərlə “nizam” sözünü yazmağa çalışaq. Hər dəfə çıxardığımız hərfi yenidən torbaya qoyaq. Bu sistemlə “nizam” sözünü yazmaq ehtimalını hesablasaq, bu ehtimal on dörd milyon iki yüz əlli min altı yüzdə birə (1/14 250 600) bərabər olar. Beləliklə, beş hərfdən ibarət olan bir sözün bir abzasda yazılmaq ehtimalı 0,07-yə bərabərdir ki, bu da təqribən sıfır deməkdir. Yəni, belə bir şeyin mümkün olması istisnadır. Əgər belə sadə bir şeyin təsadüfən yaradılması mümkün deyilsə, kainat kitabının təsadüfən yaradılması nə qədər mümkündür?
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz