Ata kimi ata, ana kimi ana...


Bir çox ata-analar uşaqları ilə olan münasibətlərinin ideal olduğunu düşünürlər. Bəlkə də bunu o ataya və ya o anaya görə normal saymaq olar. Ancaq bəs o uşağa görə necə normal saymaq olar?
Təbii ki, bu məsələdə bir dəfə yox, iki dəfə düşünməyə ehtiyac var. Əgər təbii ailə modelinə nəzər salsaq, ata ata, ana isə ana olmalıdır. Əslində, elə uşaq üçün də əsas məsələ atanı ata kimi, ananı isə ana kimi görməkdir.
Təbii ailə modelində ana şəfqəti, ata isə nüfuzu təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailə daxilində tarazlığın pozulmasına səbəb olur.

Ata ailədə nüfuzun təmsilçisi kimi...
Ata ailədə nüfuzu təmsil etsə də, bu nüfuz məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu nüfuz ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən nüfuz ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu nüfuz zorakılıq kimi də qəbul edilməməlidir.

Ana ailədə şəfqətin təmsilçisi kimi...
Təbii ailə modelində ana ailə daxilində şəfqətin təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə səbəb olur. Beləliklə, ana şəfqət rolunu bir kənara qoyur və əslində, atanın rolu olan nüfuz roluna üstünlük verir. Sonra isə bu, zaman keçdikcə, təbii olaraq, ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də, istər ata, istərsə də ana, nə olursa-olsun, öz rolundan kənara çıxmamalıdır.
Unutmayın, uşaqlarınızın ata kimi atalara, ana kimi analara ehtiyacı var...

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top