
Türkiyə oktyabr ayında Rusiyadan dizel yanacağı tədarükünü həm aylıq, həm də illik müqayisədə əhəmiyyətli dərəcədə azaldıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, Türkiyə limanlarına dizel daşımaları bir ay ərzində 19%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40% aşağı düşüb.
Nəticədə, Rusiyadan ən çox dizel yanacağı alan ölkə statusunu uzun illərdən sonra Türkiyə itirib. Oktyabr ayında Afrikanın bir sıra ölkələri Rusiyadan 938 min ton dizel idxal edərək birinci yerə yüksəlib. Bu göstərici illik müqayisədə 85% artım deməkdir.
Rusiyadan Türkiyəyə xam neft tədarükü oktyabrın əvvəlində artsa da, ayın sonuna yaxın kəskin şəkildə azalıb. Sentyabrda gündəlik 62 min ton olan idxal oktyabrda 67 min tona qalxsa da, 27 oktyabr – 2 noyabr tarixlərində bu rəqəm gündəlik 26 min tona düşüb.
Daha diqqətçəkən məqam isə noyabrın 3-9-u tarixləri arasında Rusiyadan Türkiyəyə heç bir neft nəqlinin həyata keçirilməməsidir. Bu, ilin əvvəlindən bəri ilk belə haldır.
Bildirilir ki, tədarükdəki kəskin azalma ABŞ-nin oktyabr ayında Rusiyanın enerji nəhəngləri “Rosneft” və “Lukoil” də daxil olmaqla 34 şirkətə qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqədardır. ABŞ Maliyyə Nazirliyi bu şirkətlərin aktivlərini bloklayıb və əlavə tədbirlərin də gündəmdə olduğunu bildirib.
Bundan öncə Böyük Britaniya da oktyabr ayında Rusiyanın enerji şirkətlərinə sanksiyalar tətbiq edib.
“Reuters”in xəbərinə görə, ABŞ sanksiyalarından sonra Türkiyənin əsas neft emalı zavodları yeni mənbələrdən alışları artırmağa başlayıb. Türkiyənin ən iri neft emalı müəssisələrindən olan STAR zavodu son həftələrdə İraq, Qazaxıstan və digər ölkələrdən dörd yeni neft yükü qəbul edib. Halbuki sentyabr və oktyabr aylarında zavodun tədarükünün demək olar ki, tamamı Rusiya mənşəli olub.
Türkiyə son illərdə Hindistan və Çinlə birlikdə Rusiyanın ən böyük neft alıcılarından biri sayılır. Yanvar–oktyabr ayları ərzində Türkiyənin sutkalıq 669 min barel neft idxalının 47%-i, yəni 317 min bareli Rusiyadan gətirilib.
Məlumatlarda qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonunda altı ildən sonra ilk dəfə Vaşinqtona səfər edib və ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Tramp görüş zamanı Türkiyədən Rusiyadan neft alışını dayandırmağı istəyib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz