Saakaşvili Zelenskidən onu Ukraynaya qaytarmağı xahiş etdi


Gürcüstanın üçüncü prezidenti, hazırda Gürcüstanda həbsdə olan Ukraynanın Odessa vilayətinin keçmiş administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib. 
Yeniavaz.com xəbər verir ki, o, sosial şəbəkə hesabında ölkə başçısına müraciət ünvanlayıb. 
Müraciətdə Saakaşvili onun hərbi əsirlər siyahısına salınmasını istəyib:
“Təqiblərimin və taleyimin müharibə ilə bağlı olduğu tamamilə aydındır”.
Saakaşvili qeyd edib ki, o, Ukrayna vətəndaşıdır və Zelenski dövründə çalışdığı Ukrayna Milli İslahat Şurasının icraiyyə komitəsinin sədridir:
“Sizdən xahiş edirəm ki, 2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş Ukrayna vətəndaşlığımı qaytardığınız kimi, indi məni Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri və Milli İslahat Şurasının icraiyyə komitəsinin rəhbəri kimi Gürcüstanın rusiyapərəst rejimi tərəfindən qanunsuz olaraq saxlanılan mülki əsirlər siyahısına daxil edəsiniz. Mən bilirəm ki, ukraynalılar özlərinkiləri buraxmırlar, mən sizə güvənirəm”.
Qeyd edək ki, keçmiş Gürcüstan prezidenti Zelenskiyə noyabrın 12-də xəstəxanadan həbsxanaya köçürüldükdən bir gün sonra müraciət edib.
Mixail Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, Gürcüstana qayıtdıqdan dərhal sonra həbs edilib. Saakaşvilinin səhhəti həbsxanada nəzərəçarpacaq dərəcədə pisləşib. 2022-ci ilin may ayından siyasətçi Tbilisidəki Vivamed klinikasındadır.
“Exo Kavkaza”nın xəbərinə görə, Saakaşviliyə qarşı çıxarılan bütün hökmləri nəzərə alsaq, o, 12 il yarım – 2034-cü il aprelin 1-dək həbs cəzasını çəkməlidir.
Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Saakaşvilini müalicə üçün Kiyevə ekstradisiya etməyə çağırıb. Volodimir Zelenski bildirib ki, “Rusiya Gürcüstan hakimiyyətinin əli ilə Ukrayna vətəndaşı Mixail Saakaşvilini öldürür”.
 

DİGƏR XƏBƏRLƏR

Top