
Napoleon Bonapartın şəxsi əşyalarından biri hesab olunan nadir almaz broş Cenevrədə keçirilən Sotheby's hərracında gözləniləndən dəfələrlə baha qiymətə - 4,4 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu məbləğ broş üçün müəyyən edilən 150–250 min dollarlıq təxmini qiymət göstəricisini xeyli üstələyib.
Hərrac kataloqunun məlumatına görə, broş Napoleonun 1815-ci ildə Vaterloo döyüşündən geri çəkilərkən arabasında unutduğu papaq ornamenti kimi identifikasiya edilib. Döyüşdən sonra Prussiya ordusu imperatora məxsus medallar, silahlar, zinət əşyaları və şəxsi qutular da daxil olmaqla bir neçə vaqon dolusu əşyanı ələ keçirib.
Prussiya feldmarşalı Gebhard Leberecht von Blücher həmin əşyalar arasında Napoleonun papağı və qılıncını da taparaq onların simvolik əhəmiyyətinə görə Prussiya kralı III Fridrix Vilhelmə göndərib. Broş isə təxminən iki əsr boyunca Hohenzollern sülaləsinin mülkiyyətində qalıb və yalnız son illərdə şəxsi kolleksiyaya keçib.
Dairəvi dizayna malik broşun mərkəzində 13,04 karatlıq oval almaz yerləşir. Əsas daşın ətrafını müxtəlif forma və ölçülü təxminən yüz kiçik brilyant bəzəyir ki, bu da əşyaya həm estetik, həm də tarixi dəyər qatır.
Hərracın “Royal & Noble Jewels” bölməsində Napoleonla əlaqəli başqa bir qiymətli daş – 133 karatlıq yaşıl zümrüd də təklif olunub. Bu daşın ən erkən yazılı qeydi Prussiya kraliçası, Bavariyalı Elizabet Ludovikanın vəsiyyətində yer alır. O, həmin daşı “Napoleonun tacqoyma mərasimində geydiyi brilyantlarla bəzədilmiş akuamarin dəsti”nin bir hissəsi kimi təsvir edib.
Yaşıl zümrüd üçün ilkin qiymət 40–60 min dollar olsa da, daş 32 min dollara alıcı tapıb.
Tətbiqimizi yükləyə bilərsiniz