
Ermənistan sərhəd zonalarında mədənçilik fəaliyyətinə nəzarət mexanizmləri sərtləşdirilir.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Asatur Vardanyan noyabrın 11-də Milli Assambleyanın iclasında “Yerin təki Məcəlləsinə və əlaqəli qanunlara dəyişikliklər” layihəsinin ikinci və yekun oxunuşu zamanı məlumat verib.
Vardanyanın sözlərinə görə, sərhəd bölgələrində tədqiqat və ya hasilat işləri aparmaq üçün bundan sonra Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və gömrük orqanlarının razılığı məcburi olacaq. Yeni qaydalar əsasən sərhəd çayları və sərhəd xətti yaxınlığında mədənçilik əməliyyatlarına nəzarətin artırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, sərhəd çaylarının yataqlarından, o cümlədən Araz çayından qum-çınqıl qarışığının və daşlarının çıxarılması tam qadağan ediləcək. Bu qaydaları pozanlara 20 milyon dram məbləğində cərimə tətbiq olunacaq, təkrar pozuntu halında isə yerin təkindən istifadə hüququ tam ləğv ediləcək.
Yeni qaydalar həmçinin çay sahillərində fəaliyyət göstərən mədən avadanlıqlarının və özüboşaldan maşınların GPS modulları ilə təchiz edilməsini tələb edir. Bu modullar səlahiyyətli müfəttişlik orqanlarının serverlərinə birbaşa qoşulacaq və texnikanın hərəkətini real vaxtda izləməyə imkan verəcək.
Hökumət 7 ay ərzində müvafiq əsasnamələri qəbul etməyi planlaşdırır. Mövcud şirkətlərə GPS tələblərinə tam əməl etmək üçün 90 gün vaxt veriləcək. İlk mərhələdə bu qaydalar Araz çayı boyunca fəaliyyət göstərən 17 karxananı idarə edən 10 şirkətə şamil ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz