
Paris Apelyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin vəkillərinin onu həbsdən azad etmək tələbini təmin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV məhkəmənin qərarına istinadən məlumat yayıb.
Məhkəmə müdafiə tərəfinin keçmiş dövlət başçısının işinin tam dinlənilməsinə qədər həbsinin həddindən artıq olması və prezidentin qaçmaq niyyətində olmadığı və bütün tələbləri yerinə yetirməyə hazır olduğu barədə arqumentlərini qəbul edib.
Məhkəmə nəzarəti şərtlərinə əsasən, ona Fransanı tərk etmək qadağandır. Həmçinin, məhkəmə prosesi zamanı hazırkı Fransa ədliyyə naziri ilə, o cümlədən hazırkı qərardan əvvəl onu Sante həbsxanasında ziyarət edən Gerald Darmaninlə ünsiyyət qurmaq qadağandır. Sarkozinin 10 noyabrda günün sonuna qədər həbsxananı tərk etməsi planlaşdırılır.
Sarkozinin məhkumluğuna qarşı apelyasiya məhkəməsi 2026-cı ilin mart ayına təyin edilib.
Məhkəmə iclası zamanı Sante həbsxanasından video bağlantı vasitəsilə sualları cavablandıran Sarkozi həbsxana həyatının onun üçün çox çətin və yorucu olduğunu bildirib. O, azadlığa buraxılacağı təqdirdə bütün məhkəmə tələblərini yerinə yetirəcəyinə söz verib və eyni zamanda özünü günahsız hesab etdiyini vurğulayıb.
***15:21
Fransa Prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin həbsdən azad edilməsini və məhkəmə nəzarəti altında saxlanılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Prokurorluq nümayəndəsi bu barədə 10 noyabrda Paris Apelyasiya Məhkəməsində keçirilən dinləmədə açıqlama verib. Prokurorluq bildirib ki, Sarkozinin həbsdən azad edilməsi onun iş üzrə təqsirləndirilən şəxslər və şahidlərlə əlaqə saxlamasının qadağan edilməsi şərti ilə həyata keçiriləcək.
Müdafiə tərəfi həmçinin Sarkozinin həbsdən azad edilməsini və məhkəmə nəzarəti altında saxlanılmasını tələb edir.
Sarkozi beş illik cəzasını oktyabrın 21-də Parisdəki La Sante həbsxanasında çəkməyə başlayıb.
Sarkozi Liviya hökuməti tərəfindən seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunaraq həbs cəzasına məhkum edilib. O, həbs cəzası alan ilk keçmiş Fransa prezidenti olub.
Tətbiqimizi yükləyə bilərsiniz