
Cənubi Koreyanın xüsusi prokurorluq qrupu keçmiş prezident Yun Sok-yola qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və düşmənə kömək etmək ittihamları ilə əlavə ittihamlar irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Renhap” məlumat yayıb.
Prokurorluğun məlumatına görə, Yun Sok-yol hərbi komandanlıqla birlikdə qisas tədbirləri təhrik etmək və bunlardan hərbi vəziyyət elan etmək üçün bəhanə kimi istifadə etmək məqsədilə Şimali Koreya daxilində gizli dron əməliyyatı əmri verib.
Şimali Koreya daha sonra Cənubi Koreya dronlarının Pxenyana vərəqələr atdığını və qəzaya uğramış dronun qalıqlarının fotoşəkillərini dərc etdiyini iddia edib. Cənubi Koreyanın xüsusi prokurorluq qrupu dronların yerləşdirilməsinin Şimali Koreyaya hərbi sirlərin sızmasına səbəb olduğunu düşünür.
Keçmiş müdafiə naziri Kim Yonq-hyun və Hərbi Əks-kəşfiyyat Komandanlığının keçmiş rəisi Ye İn-hyuna qarşı da ittihamlar irəli sürülüb. Bundan əlavə, Pilotsuz Əməliyyatlar Komandanlığının rəisi Kim Yonq-dae saxta sənədlərin hazırlanmasına təhrik etməkdə ittiham olunur, lakin o, həbs edilməyib.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayının əvvəlində Yun Sok-yol ölkədə fövqəladə vəziyyət elan edərək, “Şimali Koreyanı dəstəkləyən alçaq dövlət əleyhinə qüvvələrin məhv edilməsi” zərurətini əsas gətirdi və müxalifət partiyalarını “ölkəni iflic edən çirkin hərəkətlərini dərhal dayandırmağa” çağırdı. Bundan sonra ölkə parlamenti prezidentin impiçmentinə səs verdi və yanvar ayında o, saxlanılaraq həbs edildi. Mart ayında Yun Sok-yol həbsdən azad edildi, lakin iyul ayında prokurorlar onun azadlıqda olarkən sübutları məhv edə biləcəyindən qorxduqları üçün həbsxanaya göndərildi.
Tətbiqimizi yükləyə bilərsiniz