Həyat yoldaşınızla dost olun!


Dostlarınızı düşünün. Onlar kimlərdir? Onlarla ən çox nələri bölüşürsünüz? Ən çox nələrdən danışırsınız? Nələri birlikdə etmək sizə xoşdur? Onların yoxluğu həyatınızda hansı boşluqları meydana gətirir?..
Təbii ki, bu sualların sayını artırmaq da olar. İndi isə həyat yoldaşınızı düşünün. O kimdir? Onunla ən çox nələri bölüşürsünüz? Ən çox nələrdən danışırsınız? Nələri birlikdə etmək sizə xoşdur? Və ən nəhayət onun yoxluğu sizdə nə kimi hisslər meydana gətirir?..
Sözsüz ki, burada da sualların sayını istədiyimiz qədər artıra bilərik. Ancaq əsas məsələ suallar yox, bu suallara verdiyiniz cavablardır. Çünki ailədə tərəflərin əsas rollarından biri də onların bir-biriləri ilə dost olmağı bacarmalarıdır. Əgər bu rol olmasa, bəlkə də tərəflər arasında ünsiyyəti, səmimiyyəti artırmaq qeyri-mümkün olar. Bu rol bəlkə də bir çox ailələr üçün evliliyin ən vacib və ən əsas tərəfidir.
Ailə daxilində dost olmağı bacarmaq bu ailənin möhkəmliyi üçün də vacib və əsasdır. Əgər həyat yoldaşınızın ən yaxın dostunuz olduğuna inanırsınızsa, deməli, sizi xoşbəxt saymaq olar. Yox əgər, bu barədə hər hansı bir tərəddüdünüz varsa və ya heç bir şey düşünməmisinizsə, yenə də gec deyil.
Bunun üçün özünüzə və ailənizə daha çox vaxt ayırmaq və bir-birinizin ortaq cəhətlərini kəşf edərək, tez-tez bir yerdə olmaq kifayətdir. Yoxsa, ömür boyu həyat yoldaşı kimi qalmaq nə vaxtsa, sizi yora bilər. 

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top