Hərraca çıxarılan qızıl tualet Trampa da təklif olunmuşdu...


Xəbər verdiyimiz kimi, noyabrın 18-də Londonda yerləşən “Sotheby’s” auksion evində italyan konseptual rəssam Mauritsio Kattelanın “Amerika” adlı məşhur əsəri satışa çıxarılacaq.
Əsər tamamilə 18 əyar qızıldan hazırlanan, işlək vəziyyətdə olan tualetdir və 10 milyon dollar dəyərində qiymətləndirilir. “Amerika” adını da elə bu səbəbdən daşıyır – Kattelan bu tualetlə var-dövlətin, dəbdəbənin və “Amerika arzusu” adlanan anlayışın ironik simvolunu yaratmaq istəyib. Əsər həm sərvət, həm də bərabərlik ideyasına tənqidi baxış kimi təqdim olunur.
Bu əsər ilk dəfə 2016-cı ildə Nyu-Yorkdakı Quqqenhaym Muzeyində sərgilənib. Sərgi ziyarətçilərinə tualetdən faktiki istifadə etmək icazəsi verilib. Bu isə əsəri həm “ictimai bərabərlik”, həm də “istehlak mədəniyyəti” haqqında satirik bir bəyanata çevirib.
Yeniavaz.com xəbər verir ki, 2017-ci ildə Quqqenhaym Muzeyi o vaxtkı ABŞ Prezidenti Donald Trampın Ağ Ev üçün istədiyi Vinsent van Qoqun “Qar mənzərəsi” əsərini verməkdən imtina edib. Muzeyin kuratoru Tramp ailəsinə bunun əvəzinə Kattelanın “Amerika” adlı qızıl tualetini borc verməyi təklif edib. Rəsmi məktubda bu təklif zarafatla təqdim olunub, əsərin “Tramp ailəsinin dəbdəbə və qızılı rəng sevgisinə uyğun olması” vurğulanıb.
Bu hadisə mətbuatda böyük əks-səda doğurub. Bir çox tənqidçi bunu həm yumor, həm də siyasi jest kimi qiymətləndirib. Kattelan isə sonradan “sənət bəzən həqiqəti ən yaxşı gülüş vasitəsilə deyə bilir” demişdi. “Amerika” bu baxımdan sadəcə tualet deyil, həm də müasir dünyada sərvət, güc və bərabərlik anlayışlarını ələ salan konseptual bir sənət əsəridir.
Qeyd edək ki, Kattelan müasir sənətdə ironik və satirik mövzularla tanınır. O, bəzən cəmiyyətin stereotiplərini və güc anlayışını ələ salan əsərləri ilə gündəmə gəlir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top