Napoleonun brilyant bəzək əşyası və III Əhmədin qızıl üzüyü satışa çıxarılır


Noyabrın 12-də Cenevrədə keçiriləcək zərgərlik hərracında Napoleona aid nadir bir brilyant bəzək təqdim ediləcək.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, bu bəzək vaxtilə onun məşhur ikibucaqlı papağını tamamlayırdı. Tarixi əşyanın 200 000 İsveçrə frankına (təxminən 250 000 ABŞ dolları) satılacağı gözlənilir. Vaterlo döyüşündən sonra bu bəzək Prussiya kralı Fridrix Vilhelmin əlinə keçib və Napoleonun məğlubiyyətinin simvoluna çevrilib.
Eyni hərracda daha bir qiymətli əşya – Birinci Yekaterina tərəfindən Osmanlı Sultanı III Əhmədə hədiyyə edilən kiçik qızıl üzük də satışa çıxarılacaq. Bu üzük 1711-ci ildəki Prut yürüşündən sonra Rusiya-Türkiyə münasibətlərini yumşaltmaq məqsədilə verilib. Əsərin qiyməti 400 000 İsveçrə frankı (təxminən 500 000 dollar) səviyyəsində dəyərləndirilir.
Noyabrın 22-də İngiltərədəki “Henry Aldridge and Son” auksionunda isə “Titanik” gəmisindən sağ çıxan birinci dərəcəli sərnişinlərin yeganə siyahısı satışa çıxarılacaq. Sənədin qiyməti 100 000 dollar civarında qiymətləndirilir. Siyahı britaniyalı sərnişin Frederik Sattonun əşyaları arasında tapılıb. O, 1800-cü illərdə ABŞ-yə köçüb, əvvəl qəhvə ticarəti, sonra bankçılıq və daşınmaz əmlak sahəsində uğur qazanıb. Siyahı ilə birlikdə Sattonun kətan çantası da satışa çıxarılacaq.
Sənəddə yalnız sərnişin adları deyil, həm də teleqraf tarifləri, ədyal istifadəsi qaydaları və gəminin marşrutu haqqında məlumatlar yer alır. Bu sənəd “Titanik” tarixini araşdıran tədqiqatçılar üçün unikal mənbə sayılır.

DİGƏR XƏBƏRLƏR

Top