Aİ 2028-ci ildən hərbi mobillik xərclərini on dəfə artıracaq


Avropa İttifaqının (Aİ) 2028-ci ildən 2034-cü ilə qədər növbəti yeddiillik büdcə planında hərbi mobillik layihələrinə büdcə xərcləri on dəfə artaraq 17 milyard avroya çatacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa komissarı Apostolos Tsitsikostas Brüsseldə keçirilən brifinqdə bildirib.
“Aİ-nin yeni yeddiillik büdcəsi çərçivəsində (2028-2034) hərbi mobillik layihələri üçün büdcə on dəfə artacaq. Biz hərbi mobillik və infrastruktur üçün 17 milyard avro ayıracağıq”, - o qeyd edib.
Avropa komissarı Aİ-nin cari yeddiillik büdcə planında (2021-2027) hərbi mobillik layihələrinə ayrılan 1,7 milyard avronun Aİ ölkələri bu sahədə layihələrə böyük maraq göstərdiyi üçün üç il ərzində xərcləndiyini əlavə edib.
Qeyd edək ki, Aİ-də “hərbi mobillik” termini potensial münaqişə zamanı çoxlu sayda qoşunun, hərbi texnikanın və sursatın sürətli hərəkəti üçün ittifaqın bütün nəqliyyat infrastrukturunun – limanların, hava limanlarının, dəmir yollarının, avtomobil yollarının və ən əsası körpülərin və tunellərin yenidən qurulmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top