Nyu-Yorkun ilk müsəlman meri seçildi – 34 yaşı var


Nyu-York meri seçkilərinin ilkin nəticələrinə görə, Demokratlar Partiyasının namizədi, özünü sosialist adlandıran 34 yaşlı Zöhran Mamdani ABŞ-nin ən böyük şəhərinin meri olacaq.
Yeniavaz.com
xəbər verir ki, seçkilər noyabrın 4-də keçirilib.
Həm Respublikaçı Kertis Sliva, həm də Demokratlar Partiyasından ilkin seçkidə Zöhran Mamdaniyə uduzan və müstəqil namizəd kimi iştirak edən keçmiş Nyu-York qubernatoru Endryu Kuomo Nyu-York şəhərinin meri postuna namizədliyini irəli sürüblər. Nyu-York şəhərinin hazırkı meri Erik Adams isə yenidən seçkilərdə iştirak etməkdən imtina edib.
Seçkilərin nəticələri rəsmən təsdiqləndikdən sonra Zöhran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olacaq.
Qeyd edək ki, Mamdani Uqandada anadan olub. Atası Hindistanda doğulmuş uqandalı (tarixçi və antropoloq, Kolumbiya Universitetinin professoru Mahmud Mamdani), anası isə hindistanlıdır (kinorejissor Mira Nair). Onun yeddi yaşı olanda ailəsi ilə birlikdə Nyu-Yorka köçüb.
Mamdani 2020-ci ildə Nyu-York Ştat Assambleyasına seçilib. 2024-cü ilin oktyabrında o, Nyu-York merliyinə namizəd olmaq niyyətini açıqlayanda çoxları Mamdaninin şansının sıfır olduğunu düşünürdü, lakin o, Demokratlar partiyasının praymerizində səs çoxluğu ilə qalib gəlib və mer seçkilərinə aparan sorğularda öndə gedib.
Mamdani kampaniyasını xüsusilə aztəminatlı amerikalılara təsir edən sosial problemlərin həlli ətrafında qurub. Məsələn, Zöhran Mamdaninin təşviqat platformasında milyonçulardan vergi alınması və bu vəsaitlərlə sosial proqramların genişləndirilməsi təklif olunur.
Mamdanini “kommunist” adlandıran prezident Donald Tramp seçkidən əvvəl bəyan edib ki, Mamdani qalib gəlsə, Nyu York daha qanunun tələb etdiyi minimumdan artıq federal maliyyə almayacaq. Mamdani özü bəyan edib ki, o, Nyu-Yorkun xeyrinə Trampla əməkdaşlıq etməyə çalışacaq, lakin heç kimin onu qorxutmasına imkan verməyəcək.
Qeyd edək ki, noyabrın 4-də ABŞ-də merlərin, qubernatorların və bəzi konqres nümayəndələrinin seçilməsi üçün aralıq seçkilər keçirilib. Medianın proqnozlarına görə, demokratlar iki mühüm ştatda respublikaçıları məğlub ediblər. Belə ki, demokrat Abigail Spanberger Virciniya qubernatorluğu seçkilərində respublikaçı Uinsome Erl Searsa, demokrat Mikki Şerrill isə Nyu-Cersi qubernatorluğu seçkilərində respublikaçı Cek Çiatarelliyə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top