
Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə gələn il ölkədə “Aİ-95” markalı avtomobil benzininin istehsal olunmayacağı barədə məlumat yayılır.
Yeniavaz.com xəbər verir ki, bu məlumatın mənbəyi kimi “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanunun layihəsi göstərilir.
Qanun layihəsində qeyd olunur ki, neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə gələn il 196,7 milyon manat və ya 20,2% az olacaq. Buna səbəb kimi də Azərbaycanda istehsal olunan və daxili istehlaka yönəldilən “Aİ-95” markalı avtomobil benzininin istehsalının nəzərdə tutulmaması göstərilib.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 13,8 min ton “Aİ-95” markalı avtomobil benzininin istehsal olunduğunu açıqlayıb. Bildirilib ki, istehsal olunan “Aİ-95” markalı benzinin 8,6 min tonu istifadəyə göndərilib. Dövlət Gömrük Komitəsi isə bu ilin ilk 8 ayında Gürcüstana 4,2 min ton “Aİ-95” markalı benzin ixrac olunduğunu açıqlayıb.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk 9 ayı üçün açıqladığı rəsmi statistikada qeyd olunub ki, ötən ilin ilk 9 ayında ölkədə 25,1 min ton “Aİ-95” markalı benzin istehsal edilib.
Lakin qeyd edək ki, Komitənin əvvəlki hesabatlarında bu barədə məlumat açıqlanmayıb. Ötən ilin ilk 9 ayında yayımlanan hesabatda “Aİ-95” markalı benzinin istehsalı ilə bağlı heç bir məlumat olmayıb. Eyni zamanda, ötən ilin yekunları və bu ilin ilk rübü ilə bağlı hesabatlarda da Komitə “Aİ-95” markalı benzinin istehsalı barədə məlumat verməyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz