Anaya bağlı uşaqlar, yoxsa uşağa bağlı analar?..


Uşağınız yanınızdan ayrılmır? Hara getsəniz, yanınıza gəlir? Başqalarının yanında özünü pis hiss edir?..
Təbii ki, bu sualların sayını artırmaq da olar. Yuxarıda keyfiyyətləri qeyd olunan uşaqlar əgər ciddi bir səbəb yoxdursa, anaya bağlı uşaqlar adlandırılırlar. Halbuki, əslində, anaya bağlı uşaqlardan çox, uşağa bağlı analar var. Belə olduqda, bu hiss təbii olaraq, analardan uşaqlara keçir və yuxarıda qeyd etdiyimiz kimi, anaya bağlı uşaqlar meydana gəlir. Belə uşaqlar böyüklər kimi hərəkətlərini nizamlaya bilmirlər və nəticədə, ciddi problemlərə səbəb olurlar.
Belə uşaqların analarını araşdırdıqda məlum olur ki, əslində bu analar mütəmadi olaraq uşaqlarının başına bir şey gəlməsindən narahatlıq keçirirlər. Ən pisi isə bu analar narahatlıqlarını (istər əyani, isətrsə də qiyabi şəkildə) uşaqlarına hiss etdirirlər. Nəticədə, belə uşaqlarda analarına bağlılıq meydana gəlir və zaman keçdikcə bu bağlılıq o uşaqlarda vərdişə çevrilir.
Buna görə də, bu problemin ən yaxşı həlli anaların uşaqlarına qarşı reaksiyalarını dəyişmələridir.
Başqa sözlə, belə hallarda analar uşaqlarına inanmalı və yeri gəldikdə onlara müxtəlif məsuliyyətlər verməlidirlər. Uşağa “Sənə inanıram!” mesajını verdikdən sonra artıq bu məsuliyyətlərin dərəcəsini artırmaq da olar.
Kiçik yaşlı uşaqlar üçün isə aşağıdakı məsələlərə diqqət yetirmək çox vacibdir. Belə ki, ilk növbədə, analar bu yaşda olan uşaqlarını aldadaraq, onları tək buraxmamalıdırlar. Hətta, çox vacib işləri olsa belə, anaların buna yol vermələri doğru deyil. Digər tərəfdən, bəzən bu yaşda olan uşaqları konkret bir müddət üçün “Ana indi gələcək” kimi izahlarla inandığınız insanlara və ya müəssisələrə əmanət edə bilərsiniz. Bundan başqa, ana uşağı ilə bağlı hər hansı bir narahatlıq keçirsə də, bunu heç vaxt uşağına hiss etdirməməlidir.
Bir sözlə, anaya bağlı uşaqlardan çox, uşağa bağlı analar var. Buna görə də, bu cür analar, ilk növbədə, uşaqlarına qarşı (təbii ki, uşaqlarının yaş dövrlərini də nəzərə alaraq) bəzi reaksiyalarını dəyişməli və uşaqlarını anaya bağlılıqdan xilas etməlidirlər. Əgər bu, bir nəticə verməsə, bir mütəxəssisə də müraciət etmək olar.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top