“Leykers” rekord qiymətə satılır – NBA təsdiqlədi


Milli Basketbol Assosiasiyasının (NBA) Rəhbərlər Şurası yekdilliklə “Los Anceles Leykers”in nəzarət paketinin satışını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı NBA-in mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, iyunun 19-da “TWG Global” holdinq şirkətinin baş direktoru və sədri Mark Uolter “Leykers”in nəzarət paketini 10 milyard dollara alacağını bildirib.
Telekanalın məlumatına görə, klubun hazırkı sahibləri olan Bass ailəsi müəyyən müddət ərzində 15%-dən bir qədər çox azlıq payına sahib olacaq. Ailənin üzvü Cin Bass isə “Leykers”in satışından sonra klubun idarəedici direktoru vəzifəsini qoruyub saxlayacaq.
“Leykers”in satışı idman tarixindəki ən böyük satış olacaq. Belə ki, 2023-cü ildə Milli Futbol Liqasının “Vaşinqton Kommanders” komandası 6,05 milyard dollara alınıb. NBA-in “Boston Seltiks” klubunun isə bu il 6,1 milyard dollara satılacağı gözlənilir.
Qeyd edək ki, “Leykers” 1979-cu ildən Bass ailəsinə məxsusdur. Onların sahib olduğu müddətdə komanda 11 NBA çempionluğu qazanıb. Bu isə həmin müddət ərzində liqada ən çox çempionluq olub. Ümumilikdə isə klub 17 dəfə çempion olub. Bu göstəriciyə görə komanda yalnız “Boston Seltiks”dən geri qalır. Belə ki, “Boston Seltiks” NBA-də 18 dəfə çempionluq qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top