
2025-ci ildə Rusiyada burun dekonjestanlarının (tıxanıqlığı aradan qaldıran spreylər) satışı əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com “RNC Pharma” analitik şirkətinin məlumatına istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında ruslar bu məhsullara təxminən 29 milyard rubl (354 milyon dollar) xərcləyiblər.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10%-ə yaxın artım deməkdir. Ümumilikdə 230,9 milyon paket satılıb.
Satışların ən yüksək həddi 15 sentyabrda qeydə alınıb. Həmin gün ölkə üzrə apteklərdə 1,23 milyondan çox burun spreyi satılıb. Bu satışların dəyəri 168 milyon rubl (2 milyon dollar) olub. Ay ərzində isə ümumi satış 4 milyard rubla (48,8 milyon dollar) yaxınlaşıb. Mütəxəssislər bu artımı təkcə payız mövsümündə soyuqdəymələrin çoxalması ilə deyil, həm də insanların bu dərmanlardan vərdiş halında istifadə etməsi ilə izah edirlər.
Ən çox burun spreyi satılan region Moskva vilayətidir – burada 18,3 milyon paket satılıb. Paytaxt Moskvada isə bu rəqəm 18,2 milyon olub. Hər Moskva vilayəti sakini orta hesabla 2 paket alıb. Yüksək istehlak səviyyəsi həmçinin Krasnodar diyarı (11,5 milyon) və Rostov vilayətində (8,3 milyon) qeydə alınıb. Leninqrad, Kursk və Voloqda vilayətlərində də satışlar 6-8% artıb.
2025-ci ildə bazarda liderlik dəyişib. “GlaxoSmithKline” şirkətinə məxsus “Otrivin” markası satışların 15%-dən çoxunu təşkil edərək birinci yeri tutub. Onun satışları 28% artıb. Uzun illər lider olan “Snoop” markasının satışları isə 9% azalıb və ikinci yerə düşüb. Üçüncü yerdə İsrailin “Teva” şirkətinin “Rinonorm” markası qərarlaşıb – satışlar 32% artıb. Digər markalar arasında “Morelor” diqqət çəkib – onun satışları 45% artıb.
Həkimlər burun spreylərinin nəzarətsiz istifadəsinin asılılığa səbəb olduğunu bildirirlər. Bu spreylər burun selikli qişasındakı damarların daralmasına səbəb olur, nəticədə nəfəsalma müvəqqəti yaxşılaşır. Lakin daimi istifadə zamanı burun öz funksiyasını itirir və dərmansız nəfəs almaq çətinləşir.
Bildirilir ki, dekonjestan spreylər reseptlə satılmalıdır, çünki nəzarətsiz istifadə narkotik asılılığına bənzər vərdiş yaradır.
Uzunmüddətli istifadə burun quruluğu, qaşınma, qanaxma və qoxu hissinin pozulması kimi yan təsirlər yaradır. Bundan əlavə, baş ağrısı, yuxu pozğunluğu və əsəbilik kimi ümumi əlamətlər də meydana çıxa bilər.
Qeyd edək ki, bu spreylər yeddi gündən artıq istifadə edilməməlidir. Asılılıq yaranarsa, daha zəif təsirli dərmanlara keçmək və ya duz məhlulu ilə burun yuma prosedurundan istifadə etmək məsləhətdir.
Murad Məmmədov
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                