Elektrik enerjisi strateji “silaha” çevrilir – Analiz


Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, ötən il dünyada istehlak edilən elektrik enerjisinin təxminən 1,5 %-i və ya 415 tVt-saat (teravatt) böyük məlumat mərkəzləri (video platformaları, bulud xidmətləri) və kriptovalyuta hasilatına sərf olunub.
Yeniavaz.com
xəbər verir ki, ABŞ-də bir evin illik elektrik istehlakının təxminən 10 500 kVt-saat (kilovatt) olduğunu nəzərə alsaq, məlumat mərkəzləri 39,5 milyon evin illik istehlakı qədər enerji sərf edir.
ABŞ Enerji Məlumatları İdarəsinin açıqlamasına görə, kriptovalyuta hasilatı üçün 2023-cü ildə təxminən 120 tVt-saat (120 000 000 000 kVt-saat) enerji istifadə edilib.
IEA-nın hesabatına görə, məlumat mərkəzlərinin elektrik istehlakı 2030-a qədər daha da artaraq təxminən 945 tVt-saata çata bilər. Bu isə deməkdir ki, əgər artım belə davam edərsə 2030-cu ildə dünyada istifadə edilən elektrik enerjisinin təxminən 3%-i məlumat mərkəzləri və kriptovalyuta hasilatıma yönəldiləcək.
Son illərdə texnologiya şirkətlərinin məlumat mərkəzlərinə olan tələbat artdığı üçün onların enerji istifadəsi bəzi ölkələrin illik elektrik istehlakı ilə müqayisə oluna biləcək səviyyəyə yüksəlib.
Məsələn, “Google” şirkətinin məlumat mərkəzlərinin 2024-cü ildə istifadə etdiyi elektrik enerjisi təxminən 30,8 tVt-saat təşkil edib. Bu rəqəm Azərbaycanın illik elektrik istehlakından çoxdur. Belə ki, ötən il Azərbaycanda 24 tVt-saat elektrik enerjisi istehlak edilib. Yəni, “Google”un məlumat mərkəzləri Azərbaycanın bütün sənayesi və əhalisinin birlikdə istifadə etdiyi qədər enerji sərf edir. “Microsoft” şirkətinin illik elektrik istehlakı isə 24 tVt-saat təşkil edib.
Bundan başqa “Meta” (“Facebook”, “Instagram”, “WhatsApp”ın sahibi) 2023-cü ildə təxminən 15 tVt-saat enerji sərf edib ki, bu da Lüksemburq və Estoniya kimi ölkələrin illik elektrik istehlakına yaxındır. “Apple” şirkəti isə tam rəqəmləri açıqlamasa da, onun məlumat mərkəzlərinin enerji istifadəsinin 10–15 tVt-saat aralığında olduğu güman edilir ki, bu da Kipr və ya Gürcüstan kimi ölkələrin illik istehlakına yaxındır.
Müqayisə göstərir ki, beş böyük texnologiya şirkətinin – “Google”, “Microsoft”, “Meta”, “Amazon” və “Apple”ın cəmi elektrik istehlakı Macarıstan və Portuqaliya kimi ölkələrin illik elektrik istehlakına bərabərdir.
Enerji ekspertləri xəbərdarlıq edirlər ki, süni intellekt və bulud texnologiyalarının sürətli inkişafı bu fərqi daha da artıracaq. IEA-nın proqnozuna görə, 2030-cu ilə qədər yalnız məlumat mərkəzləri sektorunun enerji tələbi iki dəfədən çox artaraq bəzi böyük sənaye ölkələrinin səviyyəsinə çatacaq.
Analitiklər hesab edirlər ki, bu proseslər qlobal miqyasda yeni bir enerji rəqabətini formalaşdırır. Əgər keçmişdə ölkələr neft və qaz kimi təbii ehtiyatlar uğrunda mübarizə aparırdılarsa, indi “rəqəmsal enerji” adlandırıla biləcək elektrik resursları uğrunda mübarizə başlayıb. Enerji təminatında sabitlik və ucuzluq texnologiya nəhəngləri üçün prioritet halına gəlib. Məlumat mərkəzlərini yerləşdirmək istəyən şirkətlər soyuq iqlimə, bol bərpa olunan enerji mənbələrinə və infrastruktur sabitliyinə malik ölkələri seçirlər. Məsələn, İslandiya, Norveç və Kanada kimi ölkələr bu baxımdan üstün mövqedədir. Digər tərəfdən, ABŞ və Çin kimi dövlətlər süni intellekt və kriptovalyuta texnologiyalarında liderliyi qorumaq üçün enerji istehsalını artırmaq və onu daha səmərəli etmək istiqamətində milyardlarla dollar sərmayə yatırırlar.
Bu tendensiyanın davam etməsi elektrik enerjisini gələcəyin ən strateji resursuna çevirəcək. Kim ucuz, dayanıqlı və ekoloji təmiz enerji istehsal edə bilirsə, texnoloji üstünlük də onun olacaq. Gələcəkdə enerji yalnız sənaye və istehsal üçün deyil, həm də rəqəmsal iqtisadiyyatın inkişafı üçün əsas amil olacaq. Süni intellekt, kriptovalyuta və bulud texnologiyalarının genişlənməsi bəzi ölkələri enerji baxımından daha asılı, digərlərini isə strateji cəhətdən daha güclü vəziyyətə gətirəcək.
Nəticə etibarilə, texnologiyanın sürətli inkişafı enerji sahəsində yeni iqtisadi və geosiyasi reallıq yaradacaq. Elektrik enerjisi artıq neft və qaz qədər mühüm strateji “silaha” çevrilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top